Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın Baş katibi ilə görüşüb

Sədrin görüşləri
15 sentyabr 2026 | 13:39   

Sentyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənlə görüşüb.

Görüşdə TÜRKPA-nın türk dövlətləri arasında əməkdaşlığın daha da inkişafındakı rolu, türkdilli ölkələri maraqlandıran məsələlərin müzakirəsi baxımından təşkilatın əhəmiyyəti, bu quruma üzv ölkələrin liderlərinin təşkilata verdiyi dəstəyin önəmi barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın TÜRKPA-ya sədrliyi dövründə bu təşkilatın xətti ilə görülmüş işlər, qurumun beynəlxalq parlament təşkilatları, o cümlədən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə əlaqələrinin genişləndirilməsi  barədə fikirlərini bölüşüb.

Söhbət zamanı bildirilib ki, Milli Məclis həm TÜRKPA ilə, həm də bu təşkilata üzv qardaş ölkələrin parlamentləri ilə əməkdaşlığın inkişafına böyük önəm verir.

Görüşdə təşkilatın gələn ay Qırğızıstanın Bişkek şəhərində keçiriləcək plenar iclasına hazırlıq, tədbirdə müzakirə ediləcək məsələlər nəzərdən keçirilib, perspektiv planlar barədə danışılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU