Ana səhifə  /  Milli Məclisin strukturu  /  Aparat rəhbərinin müavinləri

Aparat rəhbərinin müavinləri

Rüstəm Bəhruz oğlu Mahmudov


1983-cü il yanvarın 25-də Bakı şəhərində anadan olmuşdur.

Ali hüquq təhsilin bakalavr və maqistratura səviyyələrini fərqlənmə diplomları ilə bitirərək, “Hüquqşünaslıq” istiqaməti üzrə Bakı Dövlət Universitetinin hüquq fakültəsində magistr dərəcəsini almışdır.

Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsində başlayaraq məsləhətçi, böyük məsləhətçi, 2010-2020-ci illərdə şöbə müdirinin müavini, 01 may 2020-ci ildən İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışmış, 20 may 2022-ci ildə isə Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilmişdir.

Milli Məclis Aparatında çalışdığı müddətdə müxtəlif beynəlxalq parlament qurumlarının tədbirlərində iştirak etmiş, xarici dövlətlərdə keçirilmiş seminar və konfranslarda məruzələrlə çıxış etmişdir.

Bir sıra beynəlxalq parlament təşkilatları və milli parlamentlər tərəfindən xatirə və yubiley medalları, həmçinin müvafiq diplom və sertifikatlarla təltif edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.

2-ci dərəcə dövlət müşaviridir.

Azərbaycan, ingilis və rus dillərini bilir.

Evlidir, üç övladı var.

 

Şahin Həsən oğlu Həsənov


1969-cu il avqustun 18-də Göyçay şəhərində anadan olmuşdur.

1992-ci ildə Sankt-Peterburq Dövlət Texniki Universitetini bitirərək mühəndis-sistem texniki ixtisasına yiyələnmişdir.

1992–1993-cü illərdə Mingəçevir Energetika İnstitutunun “Ali riyaziyyat və informatika” kafedrasının müəllimi olmuş, 1993–1998-ci illərdə N. Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində mühəndis-proqramçı vəzifəsində işləmişdir.

1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnformasiya təminatı şöbəsi müdirinin müavini, az sonra şöbə müdiri vəzifəsinə təyin edilmiş, 8 il həmin vəzifədə işləmiş, 2006-cı ildən 2026-cı ilədək Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışmışdır.  2026-cı il aprelin 9-da Milli Məclis Aparatı rəhbərinin müavini vəzifəsinə təyin edilmişdir.

2013-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrasının müəllimidir.

Texnika üzrə fəlsəfə doktorudur.

Müxtəlif illərdə Azərbaycanda, Ukraynada və Niderlandda əyani, ABŞ-nin Harvard Universitetində online kursları bitirərək  sistem inzibatçılığı, şəbəkə inzibatçılığı, şəbəkə təhlükəsizliyinin inzibatçılığı, əməliyyat sisteminin geniş inzibatçılığı üzrə sertifikatlar almışdır.   

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

2-ci dərəcə dövlət müşaviridir.

Azərbaycan, ingilis və rus dillərini bilir.

Evlidir, dörd övladı var.

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.