Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə bir sıra ölkələrin parlament sədrləri ilə görüşlər keçirib

Sədrin görüşləri
30 iyul 2025 | 19:21   

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində iyulun 30-da İrlandiya Parlamenti Nümayəndələr Palatasının sədri Verona Mörfi və Moldova Parlamentinin sədri İqor Qrosu ilə görüşlər keçirib.

Verona Mörfi ilə görüşdə parlamentlərin beynəlxalq fəaliyyətinin, parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Parlamentlərarası İttifaqın tədbirləri parlamentlərin həm xalqlar arasında əlaqələrin gücləndirilməsi, həm də qlobal səviyyədə bütün ölkələri, xalqları narahat edən çağırışların, problemlərin həllində birgə işləməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Söhbət zamanı Azərbaycan və İrlandiya parlamentləri arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Görüşdə parlamentlərarası dostluq qruplarının qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyəti qeyd olunub və gələcəkdə bu əlaqələrin daha da gücləndirilməsinə dair qarşılıqlı niyyət ifadə olunub.

Moldova Parlamentinin sədri ilə görüşdə isə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Azərbaycan və Moldovanın beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstəyi qeyd edilib.

Söhbət zamanı parlamentlər arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin mühüm bir istiqamətini təşkil etdiyi qeyd olunaraq, bu gün parlamentlərimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda formalaşmış əlaqələrin yüksək səviyyəsi təqdir edilib. Parlamentlərimizdə fəaliyyət göstərən dostluq qruplarının, müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyəti qeyd olunub. 

Milli Məclisin sədri Sahibə Qafarovanın Parlament Sədrlərinin 6-cı Dünya Konfransı çərçivəsində Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Kot-d'İvuar Respublikası Milli Assambleyasının sədri Adama Biktogo ilə görüşləri də olub.

Görüşlərdə parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

O cümlədən, Parlament Sədrlərinin VI Dünya Konfransının qanunverici orqanların ortaq maraqlarına dair fikir mübadiləsi aparmaq baxımından yaxşı imkan olduğu qeyd edilərək, belə mühüm beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın önəmi diqqətə çatdırılıb.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU