Milli Məclisin sədri Sahibə Qafarova Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb
_1744804630.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Boyan Çebelanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkəmizin Sloveniya ilə dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafına önəm verdiyi diqqətə çatdırılaraq, tərəflər arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlər olduğu bildirilib. Bu mənada, yüksək səviyyəli qarşılıqlı səfərlərin, daimi siyasi dialoqun böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib.
Görüşdə bildirilib ki, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqla yanaşı, iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı ticarətin genişləndirilməsi, nəqliyyat, yaşıl enerji və digər sahələrdə əməkdaşlıq üçün potensial var. Təhsil, elm, mədəniyyət sahələrində də əməkdaşlığın, qarşılıqlı əsasda mədəni tədbirlərin keçirilməsinin xalqlarımızı daha da yaxınlaşdırdığı ifadə edilib.
Söhbət zamanı, ikitərəfli əlaqələrin inkişafında parlamentlərin qarşılıqlı fəaliyyətinin mühüm amillərdən biri olduğu vurğulanaraq, parlament sədrlərinin və deputatların qarşılıqlı səfərlərinin parlamentlərarası əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti qeyd olunub.
Spiker Sahibə Qafarova parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının oynadığı mühüm rolu qeyd edib. Onun sözlərinə görə, dostluq qrupları müntəzəm təmaslar, dialoqlar və fikir mübadiləsi ilə parlamentlər arasında körpü rolunu oynayırlar.
Parlamentlərarası dostluq qrupunun rəhbəri Boyan Çebela Sloveniya parlamentinin sədri Urşka Klakoçar-Zupançiçin salamlarını Milli Məclisin sədrinə çatdıraraq, ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb. Boyan Çebela parlamentlərimiz arasında əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi ilə bağlı fikirlərini ifadə edib.
Qonaq Azərbaycanın COP29-a yüksək səviyyədə evsahibliyi etdiyini vurğulayaraq, ölkəmizin uğurlu təşkilatçılığı ilə bağlı təbriklərini çatdırıb. COP29 çərçivəsində keçirilən parlament görüşündə Sloveniyanın da təmsil olunduğu bildirilib.
Görüşdə qeyd olunub ki, Sloveniya xalqı bu ölkənin faşizmdən azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş Mehdi Hüseynzadə-Mixaylonun xatirəsini ehtiramla yad edir. Vurğulanıb ki, bu, xalqlarımız arasında dostluğun təzahürüdür.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi