Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri ilə görüşüb

Sədrin görüşləri
19 fevral 2025 | 18:49   

 

Fevralın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Spiker Sahibə Qafarova bildirib  ki, Azərbaycan və Özbəkistan dost və qardaş ölkələrdir. Bizi ümumi tarixi, mədəni dəyərlər birləşdirir. İki ölkə arasında münasibətlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan dövlətinin başçısı Şavkat Mirziyoyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Ölkələrimiz arasındakı bu yaxınlıq siyasi, iqtisadi, mədəni və digər sahələrdə də özünü göstərir.

Söhbət zamanı Milli Məclisin sədri dəvəti qəbul edərək ölkəmizdə keçirilən APA-nın 15-ci plenar sessiyasında iştirakına görə qonağa təşəkkür edib. Bildirib ki, dünyada baş verən mürəkkəb siyasi proseslər fonunda münasibətlərimizin inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Vurğulanıb ki, ölkə başçılarımızın dostluğu qarşılıqlı əlaqələrimizin daha da yaxınlaşmasına mühüm töhfələr verir.

Sahibə Qafarova Özbəkistanın Azərbaycanın işğaldan azad olunmuş Füzuli rayonunda məktəb tikintisi həyata keçirməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini və bunun qardaşlıq münasibətinin təzahürü olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri qanunverici orqanlar arasında da əməkdaşlığın uğurla inkişaf etməsindən məmnunluqla danışıb, bu sahədə Azərbaycan və Özbəkistan parlamentlərində fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının xüsusi rolunu qeyd edib.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva  APA-nın sessiyasına dəvətə görə təşəkkürünü bildirib.

Qonaq qeyd edib ki, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar heyrətamizdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən tədbirlər qlobal xarakter daşıyır. Tənzilə Narbayeva COP29 kimi mühüm qlobal tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkilini və keçirilməsini yüksək dəyərləndirib. O, Özbəkistanda Parlamentlərarası İttifaqın 150-ci Baş Assambleyasının keçiriləcəyini diqqətə çatdırıb və iclasda Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyinə inamını ifadə edib.

Qonaq bildirib ki, iki ölkə başçısının yaxın şəxsi münasibətləri parlamentlərimizə də sirayət edir. Dil və mədəniyyət yaxınlığımız isə əməkdaşlığımızın daha da dərinləşməsinə möhkəm zəmin yaradır. Tənzilə Narbayeva qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatındakı təcrübəsi Özbəkistan üçün də böyük əhəmiyyət kəsb edir.

Söhbət zamanı qonaq Azərbaycanın təşkilata rəhbərliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı üçün mühüm işlər gördüyünü və onların qlobal xarakter daşıdığını qeyd edib. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU