Milli Məclisin sədri Sahibə Qafarova Qətər Dövlətinin Şura Məclisinin sədr müavini ilə görüşüb

Sədrin görüşləri
23 fevral 2024 | 20:09   
Paylaşın:        

Fevralın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qətər Dövlətinin Şura Məclisinin sədr müavini Hamda bint Hassan Al-Sulaiti ilə görüşüb.

Görüşdə Azərbaycanla Qətər arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub. Milli Məclisin sədri qeyd edib ki, iki ölkə arasında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və görüşlər əlaqələrin inkişafında mühüm rola malikdir. Qeyd olunub ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə yaxşı əməkdaşlıq mövcuddur. Bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanlar var.

Həmçinin, Azərbaycan və Qətər Dövlətinin regional və beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyi vurğulanıb. Qeyd olunub ki, tərəflər BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-birinin mövqeyini qarşılıqlı şəkildə dəstəkləyirlər.

Görüşdə parlamentlərimiz arasında da müsbət əlaqələrin olduğu diqqətə çatdırılıb, münasibətlərin daha da dərinləşdirilməsi üçün yaxşı imkan olduğu bildirilib. Qeyd olunub ki, hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları bu istiqamətdə mühüm töhfələr verə bilərlər. O cümlədən, qarşılıqlı səfərlər, parlament komitələri arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Həmçinin, qeyd olunub ki, Qətər parlamenti Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının  Parlament Şəbəkəsinin işində və Şəbəkənin konfranslarında iştirak edir.

Qətər Dövlətinin Şura Məclisinin sədr müavini göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Görüşdə Azərbaycanın Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasına uğurlu evsahibliyi qeyd olunaraq, bildirilib ki, bu mühüm tədbir regional və beynəlxalq məsələlərin müzakirəsi, təşkilata üzv ölkələr arasında ikitərəfli əlaqələrin daha da inkişafı baxımından əlverişli imkandır. Qətər Dövlətinin Şura Məclisinin sədr müavini təşkilata sədrliyin Azərbaycana keçməsi münasibətilə təbriklərini çatdıraraq, inamını ifadə edib ki, ölkəmizin sədrliyi dövründə APA üçün yeni strategiya və mexanizmlər yaradılacaq ki, bunlar da təşkilatın fəaliyyətinin daha da genişlənməsinə töhfə verəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU