Milli Məclisin sədri Sahibə Qafarova İndoneziya Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri ilə görüşüb

Sədrin görüşləri
22 sentyabr 2023 | 15:33   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İndoneziya Respublikası Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon ilə görüşüb.

Görüşdə Asiya Parlament Assambleyasının daimi komitəsinin Azərbaycanın evsahibliyi ilə keçirilən iclasında müzakirə olunan məsələlərin aktuallığı vurğulanaraq, APA-nın Asiya dövlətlərinin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində vacib rolu qeyd edilib.

Görüşdə Azərbaycan və İndoneziya arasında münasibətlərin mövcud vəziyyəti ilə bağlı məmnunluq ifadə olunub. Qeyd olunub ki, ötən il diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd olunan Azərbaycan və İndoneziya bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda yaxın əməkdaşlıq edir.

Bildirilib ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələri bir sıra sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da uğurla inkişaf edir. Spiker Sahibə Qafarova, xüsusilə, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığı qeyd edərək, İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharaninin Parlament Şəbəkəsinin Madriddə keçirilən təsis konfransında, həmçinin, İndoneziya nümayəndə heyətinin bu təşkilatın 2022-ci ildə Bakı Konfransında iştirakını qeyd edib. O, eyni zamanda, Milli Məclisin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv qəbul olunmasını xatırladaraq, bu təşkilat çərçivəsində də əlaqələrin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Sahibə Qafarova İndoneziyaya səfəri, bu ölkənin Nümayəndələr Palatasının sədri Puan Maharani ilə görüşləri, iki ölkənin parlamentlərarası münasibətlərinin inkişaf perspektivləri barədə də fikirlərini bölüşüb.

Görüşdə Milli Məclisin sədri, həmçinin Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədən sonra regionda vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün həyata keçirilən tədbirlər barədə də məlumat verib.

İndoneziya Nümayəndələr Palatasının komitə sədri Fadli Zon nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək, APA-nın tədbirinin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. O, ölkəsinin Azərbaycanla bir çox sahələrdə münasibətlərin daha da inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. O, bu əlaqələrin parlamentlərimiz arasında da uğurla davam etdirildiyini, Milli Məclisin sədrinin İndoneziyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərin bu mənada əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU