Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri ilə görüşüb

Sədrin görüşləri
06 iyul 2023 | 20:17   
Paylaşın:        

İyulun 6-da Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Ahmed Attafın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonağı səmimiyyətlə salamlayan Milli Məclisin sədri Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün əhəmiyyətini vurğulayaraq, belə tədbirlərin beynəlxalq gündəlikdə duran bir çox məsələlərin, o cümlədən ikitərəfli münasibətlərin müzakirəsi üçün uğurlu platforma olduğunu qeyd edib.

Ölkələrimizi birləşdirən dostluq münasibətləri və ortaq dəyərlərdən söz açan parlamentin spikeri, ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu qeyd edib. Sahibə Qafarova Əlcəzairin Ermənistanla münaqişə dövründə İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanı dəstəklədiyini bildirib, həmçinin Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüslərinə qoşulduğunu xüsusi vurğulayıb.

Milli Məclisin sədri gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını bildirib, ölkəmizin Əlcəzairlə münasibətlərin bundan sonra da inkişaf etdirilməsinə əhəmiyyət verdiyini  vurğulayıb.

İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin əhəmiyyətindən danışan spiker Sahibə Qafarova Əlcəzairin mərhum Prezidenti Abdelkader Bensalahın 2019-cu ilin oktyabrında Azərbaycana,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin noyabrında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak etmək üçün Əlcəzairə etdiyi səfəri xüsusi vurğulayıb.

Parlamentlərarası əlaqələrin hazırkı vəziyyətini müsbət səciyyələndirən spiker Sahibə Qafarova Əlcəzair parlamentinin sədri İbrahim Bouğalinin Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin keçən il Bakı şəhərində baş tutmuş I konfransında iştirakını məmnunluqla xatırlayıb. Milli Məclisin sədri cari ilin yanvar ayında İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının 17-ci sessiyasında iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfəri çərçivəsində Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə keçirdiyi görüşü qeyd edib.

Qanunverici orqanlar arasındakı əməkdaşlığın inkişafında parlamentin dostluq qruplarının üzərinə düşən vəzifələrdən danışan spiker, dostluq qruplarının müntəzəm qarşılıqlı səfərlərinin təşkil olunmasının, əməkdaşlığa dair geniş fikir mübadiləsinin aparılmasının vacibliyindən söz açıb. Spiker parlamentlərin komitələri arasında əməkdaşlığın da ikitərəfli əlaqələrə müsbət töhfələr verəcəyini bildirib. 

Görüşdə dünən keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan tərəfindən ərazilərimizin 30 illik işğalı, 44 günlük Vətən müharibəsi, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri və regionda münaqişədən sonrakı vəziyyət barədə iştirakçılara verdiyi müfəssəl məlumatlardan danışan Milli Məclisin sədri, ölkəmizin sülh gündəliyinə sadiq olduğunu, müharibədən sonra Ermənistana sülh müqaviləsi imzalamağı təklif etdiyini nəzərə çatdırıb. Sahibə Qafarova sülh prosesinə qarşı atılan addımların yolverilməz olduğunu bildirib.

Qəbula görə təşəkkürünü ifadə edən qonaq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışını yüksək qiymətləndirdiyini söyləyib, Azərbaycanı Hərəkata sədrliyə başladığı mürəkkəb beynəlxalq vəziyyətdə dünyada tüğyan edən COVİD- 19 virusu ilə mübarizədə atdığı qərarlı addımlara görə təbrik edib. Məhz ölkəmizin sədrliyi dövründə Hərəkatın Gənclər Təşkilatının və Parlament Şəbəkəsinin yaradılmasının tarixi qərar olduğunu bildirən qonaq, bu institutların gələcək fəaliyyətinə uğurlar diləyib.

Qonaq spiker Sahibə Qafarovanın ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafı perspektivlərinə dair fikirlərini dəstəklədiyini, bu istiqamətdə müvafiq addımların atılacağına dair əminlik ifadə edib.

Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri gələn il ölkəsinin BMT TŞ-yə qeyri-daimi üzvlüyü dövründə dünyada silahlı münaqişələrə son verilməsinə, sülhün və sabitliyin bərqərar olunması işinə xüsusi diqqət yetiriləcəyini, lazımi addımların atılacağını bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU