Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb

Sədrin görüşləri
19 oktyabr 2022 | 17:50   
Paylaşın:        

Oktyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanmammet Elyasovla görüşüb.

Sahibə Qafarova səfiri salamlayaraq, onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onun fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf edəcəyinə inamını bildirib. Spiker diqqətə çatdırıb ki, Azərbaycanı qardaş Türkmənistanla ortaq mədəniyyət, tarix, dil və xalqlarımız arasında əlaqələr birləşdirir. Azərbaycan Türkmənistanla bütün sahələrdə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu il diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyini qeyd etdik.

Sahibə Qafarova ölkələrimiz arasında əlaqələrin inkişafından danışaraq, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında böyük rol oynadığını qeyd edib. O, bildirib ki, ölkələrimiz arasında imzalanmış 100-dən çox dövlətlərarası və hökumətlərarası sənəd münasibətlərimizin hüquqi bazasını fromalaşdırıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”   ölkələrimizin hərtərəfli əməkdaşlığının daha da inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafında hər iki ölkənin parlamentlərinin rolundan danışan Sahibə Qafarova cari ilin iyun ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan  Türkmənistan Milli Qenqeşi(parlament) Məclisinin sədri Gülşat Məmmədova ilə görüşünü məmnunluqla xatırlayıb. O, qanunverici orqanların əlaqələrinin inkişafında parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, mütəmadi qarşılıqlı səfərlərin həyata keçirilməsi parlamentlərarası əlaqələrlə yanaşı, digər sahələrdə də münasibətlərimizin inkişafına öz töhfələrini verir.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi və bununla da BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etməsi, beynəlxalq münasibətlər sistemindəki ikili standartlar, Azərbaycanın sülh səyləri və Ermənistanın uğursuz təxribatları barədə danışıb. Bildirib ki, Azərbaycan tezliklə Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Lakin Ermənistanın təxribatları sülh prosesinə mane olur və onu yubadır.

Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu bildirən Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanmammet Elyasov spikerin təbrikinə görə təşəkkürünü ifadə edib və iki ölkənin qanunverici orqanları arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. O, Şuşaya səfərinin onda yaratdığı təəssüratları bölüşərək, bu şəhərin qədim mədəniyyət ocağı olmasından, işğaldan azad olunmuş ərazilərdə görülmüş və görüləcək işlərlə tanışlığından danışıb.

Səfir bildirib ki, Türkmənistan qardaş Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verir. Bu əlaqələrin inkişafında parlamentlərarası münasibətlər də mühüm rol oynayır.

Səfir xalqlarımızı dərin tarixi köklərin, mənəvi və mədəni dəyərlərin birləşdirdiyini və ölkəmizdə diplomatik fəaliyyət göstərdiyi müddətdə qarşılıqlı əlaqələrin daha da inkişaf etməsi üçün bütün səylərini səfərbər edəcəyini qeyd edib.

Söhbət zamanı Milli Məclisin sədri səfirin azərbaycanca danışmasını yüksək qiymətləndirib, bunun  Azərbaycan mədəniyyətinə və dilinə böyük sevginin göstəricisi olduğunu diqqətə çatdırıb.

Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU