Milli Məclisin sədri Sahibə Qafarova Nepal Nümayəndələr Palatasının sədri ilə görüşüb

Sədrin görüşləri
01 iyul 2022 | 19:30   
Paylaşın:        

İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Nepal Nümayəndələr Palatasının sədri Agni Prasad Sapkota ilə görüşüb.

Nepal Nümayəndələr Palatasının sədrini Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirən Sahibə Qafarova diqqətə çatdırıb ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında  Azərbaycan Prezidenti İlham Əliyevin dünyada baş verən proseslərdə Qoşulmama Hərəkatının rolu və bir çox aktual məsələlər barədə səsləndirdiyi fikirlər  təşkilatın fəaliyyət istiqamətlərinin müəyyənləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qarşılıqlı əlaqələrin inkişafında parlamentlərin özünəməxsus rolundan danışan Milli Məclisin sədri iki ölkə arasında parlamentlərarası əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə və regionda yaranmış yeni reallıq, hazırda işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə məlumat verib. Diqqətə çatdırıb ki, sabah qonaqlar Şuşaya səfər zamanı işğaldan azad edilmiş ərazilərdəki dağıntıları və Azərbaycanın apardığı tikinti-quruculuq işlərini öz gözləri ilə görəcəklər. Söhbət zamanı spiker tezliklə Ermənistanla sülh müqaviləsi imzalanacağına inamını bildirib.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Nepal Nümayəndələr Palatasının sədri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransının və burada müzakirə olunan məsələlərin əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın bu tədbiri yüksək səviyyədə təşkil etməsinə görə minnətdarlığını ifadə edib. Qonaq tədbirdə Prezident İlham Əliyevin iştirakını və çıxışını yüksək qiymətləndirib.

Agni Prasad Sapkota diqqətə çatdırıb ki, Nepal Azərbaycanla bir sıra sahələrdə, o cümlədən parlamentlər arasında əlaqələri genişləndirməkdə maraqlıdır. Ona görə də qarşılıqlı səfərlərin sayının artırılması təcrübə və informasiya mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Görüşdə digər məsələlər də müzakirə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU