Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının və Senatının spikerləri ilə görüşüb

Sədrin görüşləri
01 iyul 2022 | 15:44   
Paylaşın:        

İyulun 1-də Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Əbdülkərim Feysəl Deyfullah əd-Duğmi və Senatın sədri Feysəl Akif əl-Fayez ilə görüşüb.

Milli Məclisin sədri qonaqları salamlayaraq, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib.

Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransında  İordaniyanın iştirakının və konfrans çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Konfransın açılışında söylədiyi nitqin mühüm əhəmiyyətindən danışıb. Qeyd edib ki, Prezidentimizin dünyada baş verən proseslərdə Qoşulmama Hərəkatının rolu, bir çox aktual məsələlər barədə səsləndirdiyi fikirlər  təşkilatın fəaliyyət istiqamətlərinin müəyyənləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sahibə Qafarova qonaqlara Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, hazırda işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə məlumat verib. Söhbət zamanı spiker Azərbaycanın sülhün və sabitliyin tərəfdarı olduğunu vurğulayıb və tezliklə Ermənistanla sülh müqaviləsi imzalanacağına inamını ifadə edib.

Milli Məclisin spikeri bildirib ki, dövlətlərimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin xüsusi rolu var. Təqdirəlayiq haldır ki, hər iki ölkənin qanunvericilik orqanlarında parlamentlərarası əlaqələr üzrə dostluq qrupları fəaliyyət göstərir.

İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri Əbdülkərim Feysəl Deyfullah əd-Duğmi və Senatın sədri Feysəl Akif əl-Fayez səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürlərini ifadə ediblər. Qonaqlar Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı  Konfransında iştiraklarından məmnunluqlarını bildiriblər. Konfransın yüksək səviyyədə təşkil olunduğunu söyləyiblər.

Spikerlər Azərbaycanın Qoşulmama Hərəkatında əhəmiyyətli rolunu vurğulayıblar. Qonaqlar ölkəmizin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması ilə bağlı təşəbbüsünün və Bakı Konfransı çərçivəsində müzakirə olunan məsələlərin vacibliyindən danışıblar.

Spikerlər İordaniyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd ediblər, dövlətlərarası əlaqələrin möhkəmlənməsində İordaniya Kralı ilə Azərbaycan Prezidenti arasındakı dostluq münasibətlərinin rolunu vurğulayıblar.

 Söhbətdə tərəflər regional münaqişələrin törətdikləri fəsadların aradan qaldırılması, qaçqın və miqrasiya problemlərinin həlli yolları və digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikirlərini bölüşüblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU