SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 18-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. İclası açan komitə sədri Hadi Rəcəbli yaz sessiyasında görülən işlərdən danışdı və qarşıdakı sessiyanın qanunvericilik işləri planı barədə ətraflı məlumat verdi.
Qeyd olundu ki, ötən sessiyada komitə olduqca məhsuldar işləmiş, bir sıra vacib sənədlər hazırlanaraq Milli Məclisə təqdim olunmuşdur. Qarşıdakı sessiya ərzində görüləcək işlərə toxunan komitə sədri bildirdi ki, komitədə “Ailə həkimi”, “Gənc ailənin sosial müdafiəsi”, “Sosial ipoteka”, “Uşaqların istirahəti”, “Pasientin hüquqları” haqqında yeni qanun layihələri hazırlanır.
İclasda çıxış edən millət vəkilləri Əhliman Əmiraslanov, Yaqub Mahmudov, Sədaqət Vəliyeva, İlham Məmmədov bu sənədlərlə əlaqədar yerlərdə ictimai dinləmələrin, vətəndaşlarla görüşlərin, mətbuat üçün brifinqlərin keçirilməsini təklif etdilər. Qeyd olundu ki, sosial sahədə qanunvericiliyin təkmilləşdirilməsi və daha da möhkəmləndirilməsi üçün təkliflərin öyrənilməsi cox əhəmiyyətlidir.
İclasda Hadi Rəcəbli bildirdi ki, ölkədə “Eynəklər və linzalar haqqında” yeni qanunun qəbulu və bu sahənin ayrıca hüquqi tənzimlənməsi gözlənilir. Bu, görmə qabiliyyətində problem olanlar, o cümlədən, linza və eynəyə ehtiyacı olanların təminatı ilə əlaqədardır. Bu məsələnin bütün dünyanın diqqətində olduğunu söyləyən komitə sədri qanunun hazırlanması üçün Türkiyə, Rusiya və Avropa təcrübəsinə müraciət edildiyini də qeyd etdi.
Sonra komitədə “Turizm haqqında” qanuna dəyişiklik edilməsi barədə sənədlə əlaqədar məlumat verildi. Hadi Rəcəbli bildirdi ki, qanuna əlavə edilən yeni maddəyə əsasən Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada viza ala biləcəklər.
Daha sonra iclasda “Sosial sığorta haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Məşğulluq haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Sanatoriya-epidemioloji salamatlıq haqqında” qanunlara təklif olunan dəyişikliklər müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti