AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Mayın 30-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi.
Komitənin sədri Eldar İbrahimov iclasın gündəliyinə daxil edilən -“Balıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə iştirakçılara ətraflı məlumat verdi. Bildirildi ki, “Balıqçılıq haqqında” qanun hələ 1998-ci ildə Milli Məclis tərəfindən qəbul olunub. Müasir dövrün tələbləri baxımından sənədə təklif olunan dəyişikliklər zəruridir. Əsas məqsəd bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Eldar İbrahimovun sözlərinə görə, qanuna təklif olunan dəyişikliklər çox olsa da, əksəriyyəti texniki xarakterlidir.
Qeyd olundu ki, bu qanun Azərbaycanda balıqçılığın, o cümlədən akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir. Layihəyə görə, bələdiyyə mülkiyyətində olan balıqçılıq obyektlərindəki balıq və digər su bioresursları bələdiyyə mülkiyyətindədir. Akvakultura təsərrüfatının yerləşdiyi belə sahələrdə əldə olunan məhsul isə onun mülkiyyətçisinə və ya icarəçiyə məxsusdur. Dövlət mülkiyyətində olan balıqçılıq hövzələrində balıq və digər su bioresurslarının süni artırılması, bərpası, mühafizəsi və təsərrüfatın meliorasiyası məsələləri dövlət vəsaiti hesabına maliyyələşdirilir. Sənəddə xüsusi qorunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq obyektlərində balıq məhsullarının idman və həvəskar ovu üçün istifadəsinə qanunvericilikdə müəyyən edilmiş qaydada icazə verilməsi də öz əksini tapıb.
Müzakirələr zamanı qanuna təklif olunan dəyişikliklər komitə üzvləri tərəfindən razılıqla qarşılandı. Qanuna təklif olunan dəyişikliklərin balıqçılıq məhsullarının istehsal və istehlakına müsbət təkan verəcəyi diqqətə çatdırıldı. Qeyd olundu ki, ölkəmiz balıqçılıq sahəsində 12 adda beynəlxalq konvensiyaya qoşulub. Bu da bizə imkan verir ki, xarici təcrübəni öyrənək, qanunvericilik bazasını təkmilləşdirək və balıqçılığın inkişaf etdirilməsində müasir texnologiyaları tətbiq edək.
Geniş müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti
Milli Məclisin
Mətbuat xidməti