REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Mayın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi.
Komitə sədri Arif Rəhimzadə əvvəlcə gündəlikdə duran ilk məsələ - “Yerli vergilər və ödənişlər haqqında” qanuna təklif olunan dəyişiklikdən danışaraq bildirdi ki, bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması artıq qadağan olunacaq. Bu prosesin banklar, poçt rabitəsinin milli operatorları, habelə, mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilməsi planlaşdırılıb.
Sonra komitə sədri “Bələdiyyələrin statusu haqqında” qanuna edilən dəyişikliklərlə bağlı fikirlərini bildirdi. Qeyd olundu ki, öz borcları ilə əlaqədar bələdiyyələrə müraciət edən hüquqi və fiziki şəxslərə 5 gündən gec olmayaraq arayış verilməsi nəzərdə tutulur.
İclasda “Büdcə sistemi haqqında” qanuna təklif edilən dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxıldı. Qeyd olundu ki, ekoloji, iqtisadi və sosial inkişaf proqramlarının qəbulu və icrası ilə bağlı layihələrin həyata keçirilməsi, bələdiyyələrə həvalə edilən səlahiyyətlərin maliyyələşdirilməsi məqsədilə ilə dövlət büdcəsindən subvensiya ayrılması nəzərdə tutulur. Bunun üçün müvafiq bələdiyyələrin və milli assosiasiyaların verdikləri təkliflər müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 gün müddətində öyrəniləcək. Qəbul edilib-edilməməsi barədə aidiyyəti bələdiyyələrə həmin vaxt müddətində məlumat veriləcək. İcrası üçün vəsait ayrılmasına razılıq verilmiş layihələr müvafiq maliyyə-iqtisadi əsaslandırmalarla birgə bələdiyyələr tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunacaq.
Çıxışlarda millət vəkilləri hər üç layihəyə təklif edilən dəyişikləri razılıqla qarşıladılar, bu sənədlərin bələdiyyələrin işinin daha səmərəli təşkili, şəffaflığın artırılması baxımından əhəmiyyətindən söz açdılar.
İclasda Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə də baxıldı və sonda gündəliyə təqdim olunan qanun layihələrinin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti