İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Mayın 12-də Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələlərlə bağlı məlumat verdi. Əvvəlcə iclasda “Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı.
Layihəni şərh edən komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, 2013-cü ildə Azərbaycanda bütün iqtisadi parametrlər müsbət istiqamətdə dəyişmişdir. Qeyd olundu ki, ötən ilki dövlət büdcəsinin icrası son on il ərzində ölkə iqtisadiyyatında baş verən dəyişikliklərin xarakteristikasını, iqtisadiyyatda yeni mərhələnin başlanmasını aydın şəkildə göstərir.
İclasda iştirak edən maliyyə nazirinin müavini Azər Bayramov 2013-cü ilin dövlət büdcəsinin icrası haqqında ətraflı məlumat verdi. Nazir müavini 2013-cü il dövlət büdcəsinin mədaxilinin 101,8 faiz, xərclərinin isə 96,4 faiz yerinə yetirildiyini vurğuladı. Bildirildi ki, bu dövrdə dövlət büdcəsinin gəlirləri 19159 milyon manat proqnoza qarşı 19496,3 milyon manat, yəni 101,8 faiz icra olunub. Bu da ötən ilin icra göstəricisinə nisbətən 12,8 faiz çoxdur. Nazir müavini qeyd etdi ki, ÜDM-də dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 33,8 faiz təşkil edib və bu da ötən ilin müvafiq göstəricisindən 2,2 faiz çoxdur. ÜDM-in həcmində 5,8 faiz, qeyri-neft sektorunda isə 10 faiz artım qeydə alınıb. Azər Bayramov onu da vurğuladı ki, 2013-cü ildə əhalinin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manata, gəlirləri 6,6 faiz artaraq 4 min manata çatmışdır. Ölkənin strateji valyuta ehtiyatlarının həcmi 4,1 milyard dollar artaraq 50 milyard dolları ötmüşdür.
Sonra iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış edərək makroiqtisadi göstəricilər və qeyri-neft sektorunun inkişafı istiqamətində ötən il görülən işlərdən danışdı. Azərbaycanda son illərdə iqtisadi sabitliyin bərqərar olduğunu deyən nazir müavini 2013-cü ildə Azərbaycanda inflyasiyanın 2,4 faiz səviyyəsində olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyir. 2003-2013-cü illərdə ölkədə orta iqtisadi artım 12,7 faiz təşkil etmişdir. İşsizlik səviyyəsinin azaldılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini deyən Sevinc Həsənova Azərbaycanın bu göstəricilərinə görə dünyada 37-ci yeri tutduğunu bildirdi.
Layihə ilə əlaqədar çıxış edən deputatlar Çingiz Əsədiullayev, Vahid Əhmədov, Əli Məsimli, İlham Əliyev dövlət büdcəsindən iri layihələrə kifayət qədər vəsait ayrıldığını qeyd etdilər, bu proseslərə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayaraq təkliflərini bildirdilər.
Daha sonra komitənin iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə sənəd müzakirə olundu. Layihə barədə danışan Ziyad Səmədzadə bildirdi ki, dəyişikliyə əsasən rüsumların dərəcələri aşağı salınıb. Belə ki, yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətin uzadılmasına görə 3 ayadək - 15, 6 ayadək - 30, 1 ilədək - 60, 1 il 6 ayadək - 90, 2 ilədək - 120, 2 il 6 ayadək- 150, 3 ilədək -180 manat dövlət rüsumu təyin olunub.
İclasda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda redaktə xatakterli dəyişiklik edilməsi, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında”, “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanunların ləğv edilməsi barədə qanun layihələri müzakirə edildi.
Komitənin toplantısında “Akkreditasiya haqqında” qanun layihəsi də üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Ziyad Səmədzadə layihə barədə məlumat verərək dedi ki, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna uyğun olaraq insanların həyatının, sağlamlığının, ətraf mühitin, dövlətin, hüquqi və fiziki şəxslərin maraqlarına ziyan vura bilən malın, xidmətin, prosesin uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumların akkreditasiya olunması məcburidir. Akkreditasiya barədə müraciət edən orqan təqdim edildiyi gün qeydiyyata alınır. Akkreditasiya orqanı uyğunluğun qiymətləndirilməsi barədə müraciəti 10 iş günündən çox olmayan müddətdə araşdırmalıdır.
Gündəliyə çıxarılan bütün qanun layihələri ətraflı müzakirələrdən sonra Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti