REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Fevralın 24-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitənin sədri Arif Rəhimzadə gündəlikdəki qanun layihəsi barədə ətraflı məlumat verdi.
Bildirildi ki, Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihəsi Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə daxil olub. 11 bənddən ibarət sənəddə Aşağı Ayıblı kəndinin Əyyublu, Azaplı kəndinin Azaflı, Aşağı Öysüzlü kənd inzibati ərazi dairəsindəki Qazqulu kəndinin Qazıqulu, Qəribli kənd inzibati ərazi dairəsindəki Oskən kəndinin Öskən, Girzan kəndinin isə Hunan adlandırılması təklif olunur.
Layihəyə görə, rayonun Qovlar qəsəbəsinə şəhər statusu veriləcək. Həmçinin Tovuz rayonunda Ağacqala, Bayramlı, Cəlilli və Əhmədabad adlı yeni kənd inzibati ərazi dairələri yaradılaraq, ölkəmizin ərazi vahidlərinin Dövlət reyestrinə daxil ediləcək.
Komitə üzvləri məsələ barədə rəy və təkliflərini bildirdilər. Müzakirələrdən sonra “Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti