SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Dekabrın 20-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli iclası açaraq dedi ki, gündəliyə 2013-cü ilin payız sessiyasının yekunları barədə və 2014-cü il yaz sessiyasında nəzərdə tutulan qanun layihələri ilə bağlı məsələlər daxil edilib.
Hadi Rəcəbli bildirdi ki, komitə 2013-cü ilin payız sessiyasını uğurla başa vurmuşdur. Bu dövrdə komitənin 7 iclası keçirilib, 12 qanuna əlavə və dəyişikliklər edilməsi barədə layihələr müzakirə olunub və Milli Məclisin plenar iclasına təqdim edilib. Bu sənədlərdə insanların sosial rifahının yaxşılaşdırılması, ölkə əhalisinin sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəlmiş məsələlər öz əksini tapmışdır.
Diqqətə çatdırıldı ki, həmin dövr ərzində komitəyə 470 sənəd daxil olmuşdur ki, bunların 430-nu vətəndaşların ərizə və şikayətləri təşkil edir. Ümumiyyətlə, Milli Məclisə daxil olan müraciətlərin 70 faizi məhz Sosial siyasət komitəsinə ünvanlanır. Ərizələrdə əsasən ünvanlı sosial yardım, əmanətlərin qaytarılması, pensiyaların artırılması, veteranların imtiyazları, əlillərin mənzillə təmin olunması, torpaq sahəsinin verilməsi və digər məsələlər qaldırılır. Komitə üzvlərinin səyi nəticəsində qaldırılan məsələlərin əksəriyyəti öz müsbət həllini tapır.
Sonra Hadi Rəcəbli 2014-cü ilin yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planı barədə məlumat verdi. Bildirdi ki, bu dövrdə bir sıra zəruri sənədlərin qəbul edilməsi nəzərdə tutulub. Komitədə “Reproduktiv sağlamlıq haqqında” və “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihələri müzakirəyə çıxarılacaq. Eyni zamanda, bir sıra aktual məsələlərlə bağlı, o cümlədən gənc ailələrin sosial müdafiəsi, mərasimlər, ailə həkimi haqqında və digər sosial yönümlü layihələr hazırlanır.
İclasda çıxış edən komitə üzvləri Yaqub Mahmudov, İlham Məmmədov, Sədaqət Vəliyeva gündəlikdəki məsələlərə öz münasibətlərini bildirdirlər. Deputatlar ölkədə gedən uğurlu sosial siyasət strategiyası, vətəndaşların sosial problemlərinin həlli istiqamətində atılan addımlar barədə fikirlərini açıqladılar.
Milli Məclisin
Mətbuat xidməti