İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ

Dekabrın 6-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası oldu.
Komitənin sədri Ziyad Səmədzadə öncə “Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Sazişinin təsdiq edilməsi barədə” qanun layihəsini təqdim etdi. Qeyd olundu ki, bu saziş Azərbaycanın maraqlarına cavab verir, ölkəmizin islam dünyası ilə əlaqələrinin genişlənməsinə xidmət edəcək. Komitə üzvləri 36 islam dövlətini əhatə edən bu sənədin Milli Məclisdə ratifikasiya olunmasını məqsədəuyğun saydılar.
Sonra iclasda “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə məsələlərə baxıldı. Bildirildi ki, ölkəmizdə “ASAN xidmət”in fəaliyyəti ilə əlaqədar hər iki qanunun bəzi maddələrində, “ASAN xidmət” mərkəzlərində” sözlərinin “müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan müvafiq qurumlarda” sözləri ilə əvəzlənməsinə zərurət yaranıb. Deputatlar dəyişiklikləri dəstəklədilər.
Gündəlikdəki növbəti layihənin müzakirəsində bildirildi ki, “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunun 6-cı maddəsinə edilən əlavəyə görə, bu sahədə çalışanların dövlət icbari şəxsi sığortası üzrə işlərin aparılması xərclərinə ayırmalar müvafiq sığorta haqlarının 10 faizi miqdarında müəyyən edilir. Müzakirələrdə qanun layihəsi müsbət qarşılandı.
İclasda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif olunan redaktə xarakterli dəyişikliklərə də baxıldı.
Daha sonra “Qrant haqqında” qanunda dəyişikliklər müzakirə olundu. Yeni sənədə görə, bu qanun ölkəmizdə qrantların, sub-qrantın, qranta əlavənin qeydiyyatdan keçərək verilməsi, alınması və istifadəsi ilə bağlı hüquqi-iqtisadi münasibətləri tənzimləyəcək. Fikir mübadiləsində vurğulandı ki, yeni qanun Azərbaycan üçün çox əhəmiyyətlidir, ölkəmizdə şəffaflığın artırılması baxımından təklif olunan dəyişiklik vacibdir. Ölkə vətəndaşları hər bir qrantın hara və necə xərcləndiyini bilməlidir.
İclasda aparılan müzakirələrdə komitənin sədr müavini Çingiz Əsədullayev, deputatlar Vahid Əhmədov, Əli Məsimli, Ayaz Orucov, Rüfət Quliyev rəy və təkliflərini bildirdilər. İclasda baxılan qanun layihələrinin altısı da parlamentin müzakirəsinə tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti