Azərbaycan Respublikası Milli Məclisinin Fransada baş verən kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibəti
Azərbaycan Respublikasının Milli Məclisi 2026-cı ilin sentyabr-oktyabr aylarında Fransada baş verən kütləvi etirazlar və iğtişaşlar, uşaqlara və dinc nümayişçilərə qarşı polis zorakılığı, ağır xəsarət halları, kütləvi həbslər və ictimai təhlükəsizliyin təmin olunmasında yaranmış ciddi problemlərlə əlaqədar dərin narahatlığını ifadə edərək aşağıdakıları bildirir:
Fransada təhsil sisteminin vəziyyətindən, yaşayış xərclərinin artmasından və sosial problemlərdən narazılıq zəminində başlayan etirazlar oktyabrın 17-də daha geniş coğrafiyanı əhatə edərək ölkənin müxtəlif şəhərlərinə yayılmışdır. Rəsmi məlumatlara görə, həmin gün nümayişlərdə 550 min nəfər iştirak etmişdir. Paris, Marsel, Lion və digər şəhərlərdə baş vermiş iğtişaşlar, yanğınlar və talanlar Emmanuel Makron rejiminin ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin qorunması sahəsində üzləşdiyi ciddi çətinlikləri nümayiş etdirir;
Xüsusilə hiddət doğuran məqam azyaşlıların polis zorakılığına məruz qalması barədə məlumatlardır. Məktəb şagirdlərinə qarşı dəyənəklərdən, gözyaşardıcı qazdan, rezin gülləatan silahlardan və partlayıcı xüsusi vasitələrdən istifadə olunması, uşaqların fiziki zorakılığa məruz qalması barədə məlumatlar ciddi narahatlıq doğurur. Polis zorakılığı nəticəsində Lansda 15 yaşlı yeniyetmənin əlini, Müluzda isə 17 yaşlı qızın bir gözünün görmə qabiliyyətini itirməsi xüsusilə sarsıdıcıdır. Uşaqların həyatının və sağlamlığının qorunması dövlətin birbaşa öhdəliyidir və ictimai asayişin təmin edilməsi zərurəti onlara qarşı qeyri-mütənasib güc tətbiqinə heç bir halda bəraət qazandıra bilməz. Bu zorakılıq aktları müstəqil və şəffaf qaydada araşdırılmalıdır;
Kütləvi etirazlar zamanı azyaşlılar da daxil olmaqla, minlərlə şəxsin həbs edilməsi, dinc nümayişçilərin hərəkət imkanlarının məhdudlaşdırılması və ayrı-ayrı şəhərlərdə toplantıların qadağan edilməsi sərbəst toplaşmaq azadlığına və mütənasiblik prinsipinə riayət olunması baxımından ciddi narahatlıq doğurur. Təkcə 17 oktyabr hadisələri ilə əlaqədar 2400 nəfərə yaxın şəxs həbs edilmişdir. Vətəndaşların dinc etiraz etmək hüququnun təmin olunması Fransa dövlətinin beynəlxalq öhdəliklərindən irəli gəlir və bu hüququn məhdudlaşdırılması qəbuledilməzdir;
Fransanın Dənizaşırı ərazilərində də ictimai təhlükəsizliyin və fundamental hüquqların təmin olunması sahəsində ciddi problemlər mövcuddur. Qvadelupda 17-18 oktyabr gecəsi baş vermiş iğtişaşlar, yanğınlar və ticarət obyektlərinə hücumlardan sonra bir sıra yerlərdə komendant saatı tətbiq edilmişdir. Yeni Kaledoniyada isə Fransanın İnsan Hüquqları üzrə Milli Məsləhət Komissiyası 2026-cı ilin yanvarında Kanak əhalisinin fundamental hüquqlarının pisləşdiyini, ayrı-seçkiliyin dərinləşdiyini, son illərdə hüquq-mühafizə orqanlarının həddindən artıq güc tətbiqinə dair çoxsaylı məlumatların mövcudluğunu bildirmişdir. Bu hallar Makron rejimi diktaturasının Dənizaşırı ərazilərdə yaşayan insanların, xüsusilə yerli xalqların nümayəndələrinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi sahəsində üzləşdiyi ciddi problemləri nümayiş etdirir;
Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Fransada baş verən hadisələr ictimai asayişin təsadüfi pozuntuları ilə məhdudlaşmır, hökumətin dərin siyasi və idarəetmə böhranının, sosial narazılıqlara cavab vermək və vətəndaşların təhlükəsizliyini təmin etmək sahəsində yürütdüyü siyasətin iflasının göstəricisidir. Makron rejimi bir tərəfdən dinc nümayişçiləri, o cümlədən uşaqları polisin qeyri-mütənasib müdaxiləsindən, digər tərəfdən isə vətəndaşları və onların əmlakını iğtişaşlar zamanı zorakılıqdan qoruya bilməmişdir. Baş vermiş hadisələrə görə siyasi məsuliyyət məsələsi diqqətdən kənarda qala bilməz. Fransa dövlətinin, Makron rejimi diktaturasının, dünyaya insan hüquqları, demokratiya, dəyərlər mövzusunda mühazirə oxumağa çalışanların dərin siyasi və idarəetmə böhranı keçirdiyi açıq-aşkar sezilir;
Azərbaycan Respublikasının Milli Məclisi Fransanı uşaqlara və dinc nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqinin qarşısını almağa, ağır xəsarətlərlə nəticələnmiş hadisələri hərtərəfli araşdırmağa, günahkarların qanun qarşısında cavab verməsini təmin etməyə, həbs edilənlərin, xüsusilə azyaşlıların hüquqlarını qorumağa və vətəndaşların dinc toplaşmaq azadlığına hörmət etməyə çağırır;
Azərbaycan Respublikasının Milli Məclisi, xüsusilə Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi korrupsiyaya və mənəvi iflasa uğramış təsisatların Fransada tüğyan edən biabırçılıqları görməzdən gəlməsini, insan hüquqları məsələsinə selektiv yanaşmanı və ikili standartları kəskin şəkildə pisləyir;
Fransada baş vermiş polis zorakılığı hallarının ölkənin milli istintaq və məhkəmə orqanları tərəfindən obyektiv, qərəzsiz və ədalətli şəkildə araşdırılacağı ciddi şübhələr doğurur. Bu baxımdan, beynəlxalq təşkilatları, xüsusilə BMT-nin İnsan Hüquqları Şurasını azyaşlılar da daxil olmaqla, dinc nümayişçilərə qarşı güc tətbiqi və insan hüquqlarının pozulması hallarının hərtərəfli araşdırılması məqsədilə müstəqil beynəlxalq təhqiqat komissiyası yaratmağa çağırırıq;
Azərbaycan Respublikasının Milli Məclisi, həmçinin Fransa parlamentini, beynəlxalq parlament təşkilatlarını və insan hüquqları təsisatlarını baş vermiş hadisələrə prinsipial münasibət bildirməyə, müstəqil beynəlxalq təhqiqatın aparılmasına dəstək verməyə və Makron rejimindən insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl olunmasını tələb etməyə çağırır.

