MİLLİ MƏCLİSDƏ UŞAQLARIN İSTİRAHƏTİNİN TƏŞKİLİ HAQQINDA QANUN HAZIRLANIR

Noyabrın 7-də Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitədə yeni - “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı.
Komitə sədri Hadi Rəcəbli yeni hazırlanan qanun layihəsi barədə ətraflı məlumat verərək bildirdi ki, sənəd uşaq hüquqları ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini, uşaqlara istirahət üzrə xidmət göstərilməsinin qayda və şərtlərini, bu prosesin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Onun sözlərinə görə uşaqların istirahəti sahəsində dövlət siyasətinin əsas prinsipləri irqindən, milliyyətindən, dinindən, cinsindən asılı olmayaraq hər bir uşağın istirahət hüququnu özündə ehtiva edir. Qanun layihəsində uşaq istirahət müəssisələrində təhlükəsizlik və sağlam mühitdə yaşamaq üçün əlverişli şəraitin yaradılması, fiziki və psixi sağlamlığın möhkəmləndirilməsi, uşaqların xaricdə istirahət etmək və asudə vaxtlarının təşkili məsələləri də əksini tapıb.
Komitə sədrinin müavini Musa Quliyev dövlət tərəfindən bu sahəyə lazımı vəsaitin ayrılmasının zəruriliyini qeyd etdi. Bildirildi ki, yeni qanun layihəsini hazırlayarkən 20 ölkənin təcrübəsindən istifadə olunub.
İclasda millət vəkilləri Əhliman Əmiraslanov, Rauf Əliyev, İlham Məmmədov, Elmira Axundova çıxış edərək təkliflərini bildirdilər. Qeyd olundu ki, uşaqların istirahətinin və asudə vaxtının təşkili üçün yeni istirahət mərkəzlərinin tikilməsi üçün şərait yaradılmalıdır.
İclasda iştirak edən Səhiyyə nazirinin müavini Elsevər Ağayev çıxışında qeyd etdi ki, Azərbaycan uşaq hüquqları haqqında konvensiyaya qoşulub və bu sənədin əsas tələblərindən biri uşaq hüquqlarının təminatıdır. Bu gün ölkədə uşaq hüquqlarının təminatı istiqamətində kifayət qədər işlər görülür və bu, beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmaqdadır. Nazir müavini yeni qanun layihəsinin uşaq hüquqlarının təminatı baxımından vacib sənəd olduğunu qeyd etdi, qanunun işlək olması üçün maliyyə tutumunun və dövlət dəstəyinin zəruriliyini vurğuladı.
İclasın yekununda sənədin daha təkmil formada hazırlanması üçün işçi qrupu yaradıldı. Hadi Rəcəbli bildirdi ki, 5 fəsil 25 maddədən ibarət olan yeni qanun layihəsinin hazırlanması üzrə yaradılan işçi qrupuna komitənin üzvü, millət vəkili Sədaqət Vəliyeva rəhbərlik edəcək.
Sənəd müzakirələr zamanı səsləndirilən təkliflərin və bu sahədə beynəlxalq təcrübənin nəzərə alınması üçün işçi qrupuna həvalə edildi.
Milli Məclisin
Mətbuat xidməti