Milli Məclisin sədri Sahibə Qafarova Somali Prezidenti ilə görüşüb

Sədrin səfərləri
01 sentyabr 2026 | 18:09   

Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində sentyabrın 1-də Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudla görüşüb.

Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayan Prezident Həsən Şeyx Mahmud həmin səfər zamanı aparılmış danışıqların və imzalanmış sənədlərin əhəmiyyətini diqqətə çatdırıb. Somali Prezidenti Azərbaycan Milli Məclisinin sədri ilə növbəti dəfə görüşməkdən razılığını ifadə edərək, iki ölkə arasındakı münasibətlərin inkişafına dair fikirlərini bölüşüb.

Söhbət zamanı dövlətlərarası münasibətlərin mühüm istiqaməti olan parlamentlərarası əlaqələrin mühüm əhəmiyyəti qeyd olunub. Spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin Somali parlamenti ilə əlaqələri daha da inkişaf etdirməyə hazır olduğunu bildirib.

Görüşdə həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlarda əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Milli Məclisin sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin gördüyü işlər barədə fikirlərini bölüşüb.

Söhbət zamanı Azərbaycan ilə Somali arasında münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU