Milli Məclisin sədri Sahibə Qafarova Mozambik Respublikasının Baş naziri ilə görüşüb

Sədrin səfərləri
31 avqust 2026 | 22:27   

Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində avqustun 31-də Mozambik Respublikasının Baş naziri xanım Maria Benvinda Levi ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivlərinə fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Milli Məclisin sədri Qoşulamama Hərəkatı çərçivəsində əməkdaşlığın əhəmiyyətindən danışaraq, Azərbaycanın bu təşkilata 4 illik sədrliyi dövründə gördüyü işlər, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti, ölkəmizin sədrliyi dövründə əldə edilmiş nailiyyətlər barədə danışıb.

Görüşdə bir sıra sahələrdə ikitərəfli əlaqələrin mövcud vəziyyətinə də toxunulub, qarşılıqlı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb. Spiker cari ilin iyun ayında İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Mozambik Respublikası Respublika Assambleyasının sədri Marqarida Talapa ilə görüşünü xatırlayaraq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətini qeyd edib.

Söhbət zamanı parlamentlər arasında və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Baş nazir Maria Benvinda Levi Mozambik və Azərbaycan arasında münasibətlərin mövcud vəziyyətindən razılıqla danışıb. O, Mozambikli tələbələrin  və diplomatların Azərbaycanda keçirilən proqramlarda iştirakına görə təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan COVİD-19 pandemiyası dövründə də Mozambikə öz dəstəyini göstərib.

Baş nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bir sıra mühüm məsələlərin müzakirəsi üçün mühüm platformadır və Mozambik də bu Şəbəkənin işində iştirak edir.

Görüşdə parlamentlərarası, təhsil, humanitar və digər  sahələrdə əlaqələrin inkişaf perspektivlərindən danışılıb, qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU