Milli Məclisdə görüş

Tədbirlər
07 avqust 2026 | 13:50   

 

Avqustun 7-də Milli Məclisdə Parlamentlərarası Spikerlər Konfransının ölkəmizdə səfərdə olan Baş katibi Ek Nat Dakal və təşkilatın Beynəlxalq əməkdaşlıq üzrə direktoru Hajime Saito ilə görüş keçirilib. Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Fariz İsmayılzadə qonaqları salamlayaraq, onlara Azərbaycan parlamentinin beynəlxalq fəaliyyəti barədə məlumat verib. O, bildirib ki, Milli Məclis bir sıra beynəlxalq parlament təşkilatları ilə uğurlu əməkdaşlıq edir, onların bir neçəsinə sədrliyi həyata keçirir. Milli Məclisin deputatı parlamentin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində, Parlamentlərarası İttifaqda, həmçinin regional parlament təşkilatlarında aktiv fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, Milli Məclisin parlament diplomatiyasının inkişafı sahəsində gördüyü işlər, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rolu, ölkəmizin COVİD-19 pandemiyası zamanı beynəlxalq təşəbbüsləri və bir sıra ölkələrə yardımları barədə fikirlərini paylaşıb.

Azərbaycan və onun paytaxtı haqqında xoş təəssüratlarını bölüşən   Parlamentlərarası Spikerlər Konfransının Baş katibi Ek Nat Dakal bu qurumun fəaliyyəti və gördüyü işlər barədə danışıb. O, Pakistanda keçirilmiş 1-ci Parlamentlərarası Spikerlər Konfransında müzakirə edilmiş məsələlərin əhəmiyyəti, Kambocada keçiriləcək 2-ci Konfrans, parlament diplomatiyasının dövlətlərarası münasibətlərdə rolu, Azərbaycan parlamenti ilə əlaqələrin gələcək inkişafı və digər məsələlər barədə fikirlərini bölüşüb.

Sonra Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycanın parlamentarizm tarixi, hazırki Milli Məclisin strukturu, fəaliyyəti, beynəlxalq münasibətləri barədə fikirlərini çatdırıb.

Görüşdən sonra qonaqlar Milli Məclisin inzibati binası ilə də tanış olublar. Fərid Hacıyev onlara  Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin foyesində yaradılmış və Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş Zəfər Guşəsi, parlamentin plenar iclas zalında yaradılmış iş şəraiti, qanunvericilik prosesinin həyata keçirilməsi  prosedurları haqqında geniş məlumat verib.       

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU