Milli Məclisdə parlamentlərarası münasibətlər müzakirə olunub
İyulun 28-də Milli Məclisin Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əminə Ağazadə Yaponiya Parlamentinin Müşavirlər Palatasının üzvü Miçihiro İşibaşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əminə Ağazadə qonaqları salamlayaraq, bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, həmçinin parlamentlərarası dialoqun inkişafına töhfə verəcəyinə əminliyini bildirib. O, Azərbaycan-Yaponiya münasibətlərinin qarşılıqlı hörmət, etimad və uzunmüddətli tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu, son dövrdə siyasi dialoqun intensivləşməsinin və yüksək səviyyəli qarşılıqlı təmasların əlaqələrimizə yeni dinamika qazandırdığını deyib. Qeyd olunub ki, iki ölkə arasında iqtisadiyyat, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq yeni mərhələyə yüksəlib.
Yaponiya parlamentinin Müşavirlər Palatasının üzvü Miçihiro İşibaşi göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Azərbaycan ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə edərək, qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətini qeyd edib.
Görüşdə Milli Məclisin Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nizami Səfərov, Yaponiya Konstitusional Demokratik Partiyasının üzvü Şoci Namba və Yaponiyanın ölkəmizdəki səfiri Katsuya Vatanabe çıxış edərək Azərbaycan və Yaponiya arasında münasibətlərin inkişaf perspektivləri barədə fikirlərini səsləndiriblər, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Söhbətdə parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərin inkişafındakı rolundan bəhs olunub. Qanunverici orqanlar arasında müntəzəm dialoqun, həmçinin qanunvericilik sahəsində təcrübə mübadiləsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

