Türkiyəli deputatlar Milli Məclisdə olublar

Tədbirlər
02 iyun 2026 | 18:38   

 

İyunun 2-də Milli Məclisin İnsan hüquqları komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müraciət komitəsinin sədri Sunay Karamıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Türkiyə nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndiyini vurğulayıb. O, hər iki ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində qanunvericilik təcrübələri və birgə fəaliyyət imkanlarının mövcud olduğunu söyləyib. Komitə sədri vətəndaş müraciətlərinin idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, müraciətlərin qəbulu və cavablandırılması prosesində rəqəmsal texnologiyaların tətbiqinin əhəmiyyətini qeyd edib.

Azərbaycan parlamentində olmaqdan məmnunluğunu ifadə edən TBMM-in Müraciət komitəsinin sədri Sunay Karamık parlamentlər səviyyəsində əməkdaşlığın gücləndirilməsi, qanunverici orqanların aidiyyəti komitələri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb. O, Türkiyə parlamentində vətəndaşlardan daxil olan ərizə, şikayət və müraciətlərin araşdırılması istiqamətində görülən işlərdən, vətəndaş məmnuniyyətinin artırılması mexanizmlərindən söhbət açıb.

Görüşdə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əli-zadə, üzvləri Vüqar Rəhimzadə, Bəhruz Məhərrəmov, TBMM-in Müraciət komitəsinin sədr müavini Ahmet Salih Dal, komitənin üzvləri Ahmet Baran Yazgan, Abdürrahim Dusak, Ahmet Ersagun Yücel, TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri  Şamil Ayrım çıxış edərək insan hüquqlarının müdafiəsi, vətəndaş müraciətlərinə baxılması sahəsində təcrübə mübadiləsi, habelə qanunvericilik fəaliyyətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar.

Söhbət zamanı komitələr arasında mütəmadi görüşlərin keçirilməsinin, birgə layihələrin icrasının vacibliyini vurğulanıb. Həmçinin, TÜRKPA çərçivəsində əlaqələrin genişləndirilməsi, digər beynəlxalq platformalarda əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə TÜRKPA baş katibinin müavini Muhammet Alper Hayali, Türkiyə Respublikasının ölkəmizdəki səfiri Birol Akgün və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU