Milli Məclisdə görüş

Tədbirlər
04 may 2026 | 18:04   

Milli Məclis sədrinin müavini, Azərbaycan–İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərov mayın 4-də İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İran arasında ikitərəfli və çoxtərəfli münasibətlər, eləcə də regional əməkdaşlıq, sülh və təhlükəsizlik məsələləri müzakirə olunub.

Vitse-spiker Ziyafət Əsgərov Azərbaycan ilə İran arasında münasibətlərin qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslandığını vurğulayıb. Bildirilib ki, bölgədə baş vermiş gərginliklər fonunda  Azərbaycan–İran münasibətləri bundan sonra da normal səviyyədə davam edəcək.

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirib. O, son hadisələr fonunda Azərbaycanın prinsipial mövqeyinin İranda yüksək qiymətləndirildiyini qeyd edib, Azərbaycanın qonşu İran  xalqının ən ağır günlərində humanitar yardımına və mənəvi dəstəyinə  görə minnətdarlığını bildirib.

Tərəflər ölkə rəhbərləri, xüsusən prezidentlər arasında mövcud olan təmasların və siyasi dialoqun Azərbaycan–İran münasibətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, iki ölkə arasında münasibətlər regionda davamlı sülh və sabitliyə xidmət edir. Həmçinin gərginliyin azaldılması, eləcə də regional təhlükəsizliyin təmin olunması istiqamətində səylərin vacibliyi diqqətə çatdırılıb.

Söhbət zamanı bölgədə atəşkəs rejiminə riayət olunması və mövcud məsələlərin diplomatik yollarla həllinin vacibliyindən danışılıb, bu istiqamətdə parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Eyni zamanda parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlər sistemində roluna toxunulub, hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyət göstərməsi təqdir edilib.

Görüşdə Azərbaycan-İran ikitərəfli münasibətləri, parlamentlər arasında əlaqələrin inkişafı, eləcə də regionda mövcud vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU