Əmək və sosial siyasət komitəsinin iclasında

Komitə iclasları
06 aprel 2026 | 14:13   

Aprelin 6-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, iclasda  Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Komitə sədri bildirib ki, təqdim olunan sənədin əsas məqsədi əməyin ödənilməsində gender bərabərliyinin daha geniş və effektiv şəkildə tətbiqini təmin etməkdir. Qeyd edilib ki, təklif edilən dəyişikliklər “eyni və ya oxşar iş” anlayışını genişləndirərək “bərabər dəyərli iş” prinsipini qanunvericilikdə təsbit edəcək və bununla da kişilər və qadınlar arasında əməkhaqqı ödənişində fərqlərin aradan qaldırılmasına xidmət edəcək. Bununla belə, layihəyə əsasən işəgötürənlərin bu sahədə öhdəlikləri konkretləşdirilir və əmək münasibətlərində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir.

Tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov və Beynəlxalq Əmək Təşkilatının milli əlaqələndiricisi Yaşar Həmzəyev qanun layihəsinin mahiyyəti və nəzərdə tutulan dəyişikliklərin tətbiqi mexanizmləri barədə məlumat veriblər.

Müzakirələrdə komitənin sədr müavini Elşad Musayev, komitənin üzvləri Jalə Əliyeva, Vüqar Bayramov və Nigar Məmmədova çıxış edərək qanun layihəsinə dair fikirlərini səsləndiriblər, bəzi qeyd və təkliflərini irəli sürüblər.

Sonda  qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda komitənin üzvləri Səttar Möhbalıyev, Bədəl Bədəlov, Ziyad Səmədzadə, Soltan Məmmədov, Sevinc Hüseynova, Əziz Ələkbərov, Göydəniz Qəhrəmanov, Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev    və digər rəsmi şəxslər iştirak ediblər.    

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU