Parlamentlərarası İttifaqın tədbirində

Tədbirlər
17 noyabr 2025 | 10:05   

Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Braziliyanın Belem şəhərində COP30 çərçivəsində keçirilən parlament görüşündə iştirak edib.

COP zamanı milli parlamentlər üçün əsas platforma hesab olunan Parlamentlərarası İttifaqın Parlament Görüşü qlobal iqlim dəyişiklikləri ilə mübarizədə parlamentlərin rolunun gücləndirilməsinə və ortaq həll yollarının müəyyənləşdirilməsinə xidmət edir. Tədbir bu il Braziliya Parlamenti və Parlamentlərarası İttifaq tərəfindən birgə təşkil olunub.

Nigar Arpadarai tədbir  çərçivəsində keçirilən “Milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC-lərin) həyata keçirilməsi üçün parlament fəaliyyətinin gücləndirilməsi” adlı panel müzakirəsində çıxış edib. O, ötən il Bakının ev sahibliyi etdiyi COP29-un nəticələrinin tarixi əhəmiyyəti, eləcə də iqlim dəyişmələri ilə mübarizə mövzusunda parlament fəaliyyətinin gücləndirilməsinin vacibliyi barədə fikirlərini bölüşüb.


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU