Pakistan Parlamenti Senatının və Milli Assambleyasının sədrləri Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubları ünvanlayıblar

Tədbirlər
05 noyabr 2025 | 14:02   

Pakistan İslam Respublikası Parlamenti Senatının sədri Syed Yusuf Raza Gilani və Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya 8 noyabr - Zəfər Günü münasibətilə təbrik məktubları ünvanlayıblar.

Məktublarda Pakistan Parlamenti Senatının və Milli Assambleyasının spikerləri Zəfər Gününün beşinci ildönümü münasibətilə spiker Sahibə Qafarovaya və Milli Məclisin üzvlərinə təbriklərini çatdırıblar.

Məktublarda bildirilib ki, bu əlamətdar gün Azərbaycan xalqının sarsılmaz ruhunun, möhkəmliyinin və əzminin sübutudur. Azərbaycan xalqının Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında apardığı tarixi mübarizə nəticəsində Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası xalqınızın tarixinə əbədi olaraq həkk olunacaq əlamətdar nailiyyətdir.

Məktublarda deyilir ki, Ermənistanla münasibətlərdə son müsbət irəliləyişlər Cənubi Qafqazın bütün xalqları üçün sabitlik, qarşılıqlı əməkdaşlıq və ortaq rifah əsasında qurulmuş gələcəyə yenidən ümid verir.

Pakistan Parlamenti Senatının və Milli Assambleyasının sədrləri məktublarında iki ölkənin parlamentləri arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzularını ifadə ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU