Milli Məclisdə görüş

Tədbirlər
25 sentyabr 2025 | 17:47   

Sentyabrın 25-də Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Aamer Safrazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, işçi qrupunun üzvü Səməd Seyidov qonaqları salamlayaraq, onları Milli Məclisdə görməkdən məmnunluğunu bildirib. O, parlamentlərarası əlaqələrin ölkələr arasındakı münasibətlərin inkişafına müsbət təsirindən danışıb və iki ölkə arasındakı əlaqələrin tarixi, parlament diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə dövlətlərimiz  arasında mövcud olan siyasi və parlamentlərarası münasibətlərin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Aamer Safraz bu gün ADA Universitetində 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun səmərəli olduğunu bildirib. O qeyd edib ki, bütün sahələrdə tərəfdaşlığın genişləndirilməsi ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacaq.

Görüşdə Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri  Sevinc Fətəliyeva, Zaur Şükürov, Tural Gəncəliyev çıxış edərək ölkələrimiz arasında münasibətlərin inkişafında müxtəlif səviyyələrdə, o cümlədən diplomatik dialoqun önəmini qeyd ediblər. Bildirilib ki, Azərbaycan və Böyük Britaniya arasında əlaqələr iqtisadi, siyasi, humanitar, enerji sahələri ilə yanaşı, digər sahələri də əhatə edir və qarşılıqlı etimada əsaslanan münasibətləri əks etdirir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

                                                                                                       Milli Məclisin Mətbuat və
                                                                                       ictimaiyyətlə əlaqələr şöbəsi

 

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU