Milli Məclisin Gənclər və idman komitəsində Gürcüstan parlamentariləri ilə görüş keçirilib

Tədbirlər
28 iyul 2025 | 15:03   

 

İyulun 28-də Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Gürcüstan Parlamentinin nümayəndə heyəti ilə görüşüblər.

Komitənin sədri Şahin İsmayılov qonaqları salamlayaraq, bildirib ki, Azərbaycan və Gürcüstan arasında, xüsusilə də hər iki ölkənin dövlət və parlament rəhbərləri səviyyəsində mövcud olan dostluq və müttəfiqlik münasibətləri ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərir. O, milli-mənəvi dəyərlər əsasında formalaşan gəncliyin ölkənin sabit və davamlı inkişafının əsas təminatçısı olduğunu vurğulayaraq, bu baxımdan hər iki ölkənin müvafiq komitələri arasında əməkdaşlığın Azərbaycan və Gürcüstan gənclərinin inkişafına mühüm töhfə verəcəyini bildirib.

Öz növbəsində, Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər komitəsi sədrinin birinci müavini Giorgi Çakvetadze göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, dövlət başçılarının təşəbbüsü ilə həyata keçirilən Gənclər Forumunun Azərbaycanda artıq böyük uğurla təşkil olunduğunu vurğulayıb. Forum iştirakçılarının tədbirdən yüksək məmnuniyyət duyduğunu qeyd edən Çakvetadze, analoji forumun gələn ay Gürcüstanda da keçiriləcəyini söyləyib.

Görüşdə Gənclər və idman komitəsinin üzvləri Göydəniz Qəhrəmanov, Mircəlil Qasımlı və Mahir Süleymanlı çıxış edərək bildiriblər ki, Azərbaycan və Gürcüstan arasında uzun tarixi keçmişə əsaslanan münasibətlər bu gün həm iqtisadi, həm də siyasi sahələrdə uğurla inkişaf edir. Deputatlar gələcəkdə parlamentlərarası əməkdaşlığın birgə layihələr çərçivəsində daha da dərinləşəcəyinə əmin olduqlarını qeyd ediblər.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU