Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 65-ci plenar sessiyası keçiriləcək

Tədbirlər
13 iyun 2025 | 18:14   

 

 

İyunun 17-dən 19-dək Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçiriləcək. Tədbirdə çoxsaylı qonaqlarla yanaşı, bir neçə ölkənin parlament sədrlərinin də iştirakı gözlənilir.

Milli Məclisin və QDİƏT PA-nın sədri Sahibə Qafarova plenar sessiyada açılış nitqi ilə çıxış edəcək.

Tədbir çərçivəsində təşkilatın Büro, Daimi komitə, həmçinin iqtisadi, hüquqi və sosial sahələr üzrə komitələrinin iclasları keçiriləcək, o cümlədən bir sıra təşkilati məsələlərə baxılacaqdır.

Plenar sessiyada isə “QDİƏT regionunda əlaqələrin gücləndirilməsi, smart və davamlı nəqliyyat infrastrukturunun yaradılması yolu ilə mobilliyin artırılması” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.

Tədbir çərçivəsində QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil veriləcək.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU