Əmək və sosial siyasət komitəsinin onlayn iclası keçirilib
Mayın 27-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
İclası açan komitə sədri Musa Quliyev gündəlikdə bir məsələnin - Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib.
Komitə sədri bildirib ki, əhalinin sağlamlığının qorunması istiqamətində mühüm məsələlərdən biri tibb mütəxəssislərinin sertifikasiyaya cəlb olunmasıdır. Qeyd olunub ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə uyğun olaraq respublikamızda səhiyyə işçilərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə sertifikasiya prosesi həyata keçirilir. Bu prosesin əsas məqsədi əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsinin təmin edilməsidir.
Məlumat verilib ki, sözügedən məqsədə nail olunması üçün təkcə imtahan yolu ilə deyil, eyni zamanda, dünyanın bir çox ölkəsində tətbiq olunan və Dünya Tibb Təhsili Federasiyası tərəfindən standartları müəyyənləşdirilərək tövsiyə edilən davamlı peşəkar inkişaf (DPİ) mexanizminin də tətbiqi nəzərdə tutulur.
Müzakirəyə çıxarılan layihəyə əsasən tibb mütəxəssisləri beş ildə bir dəfə sertifikasiya imtahanında iştirak etməli və ya həmin dövr ərzində elmi, pedaqoji və digər tədris fəaliyyətləri ilə məşğul olmaqla davamlı peşəkar inkişafını həyata keçirməlidirlər.
Müəyyən olunmuş illik və beşillik minimum DPİ kreditlərini toplamayan şəxslər yalnız sertifikasiya imtahanı vasitəsilə fəaliyyətlərini davam etdirə biləcəkləri bildirilib. Eyni zamanda, layihədə bu imtahandan keçə bilməyən şəxslərin 6 ay müddətində iş yeri və aylıq vəzifə maaşının saxlanılmasının da nəzərdə tutulduğu söylənilib.
İclasda normativ hüquqi aktlar arasında ziddiyyətlərin qarşısını almaq üçün “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun və Əmək Məcəlləsinə uyğun olaraq “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara da müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı Komitənin sədr müavini Elşad Musayev, üzvləri Vüqar Bayramov, Göydəniz Qəhrəmanov, Nigar Məmmədova , Sevinc Hüseynova, Ziyad Səmədzadə , Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev fikirlərini bölüşüblər, qeydlərini səsləndiriblər.
Müzakirələrin sonunda iclasda təqdim olunan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Onlayn iclasda komitənin üzvləri Jalə Əliyeva, Bədəl Bədəlov, Əziz Ələkbərov, Səttar Möhbalıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi