HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

İyulun 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. İclasda Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında məsələlərə baxıldı.
Komitə sədri Əli Hüseynli iclas iştirakçılarının nəzərinə çatdırdı ki, yuxarı məhkəmə instansiyası hakimlərinin təyinatı ilə bağlı sənədlər Məhkəmə Hüquq Şurasının təklifləri əsasında Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuşdur. Bildirildi ki, dövlətin diqqət və qayğısı sayəsində məhkəmələrin iş şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilir. Əli Hüseynli məhkəmə sistemində əldə edilən nailiyyətlər, eyni zamanda mövcud problemlər barədə danışdı O, Məhkəmə Hüquq Şurasının parlamentlə, o cümlədən geniş ictimaiyyətlə qarşılıqlı münasibətlərinin qurulmasının əhəmiyyəti barədə fikirlərini açıqladı.
Sonra Məhkəmə Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov təqdimatlarla bağlı məlumat verdi. Hakimliyə namizədlərin onlara göstərilən etimadı doğruldacaqlarına, işə məsuliyyətlə yanaşacaqlarına əminliyini ifadə etdi. Çıxışı zamanı o, məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar barədə söhbət açdı. Bildirildi ki, ölkənin hüquq sistemində köklü dəyişikliklər edilmiş, ölkədə müstəqil məhkəmə sistemi yaradılmışdır. Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək məqsədi ilə onların səlahiyyətləri genişləndirilmişdir. Bu sahənin təkmilləşdirilməsi məqsədi ilə mütərəqqi qanunlar qəbul olunmuşdur.
İclasda iştirak edən millət vəkilləri Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov, Fazil Mustafa, Çingiz Qənizadə, Rövşən Rzayev öz çıxışlarında namizədlər barədə fikirlərini açıqladılar. Bu təyinatların məhkəmə fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması, məhkəmələrdə iş yükünün nizama salınması istiqamətində əhəmiyyətli rol oynayacağını bildirdilər.
Ətraflı müzakirələrdən sonra hakimliyə namizədlərin təqdim edilməsi ilə bağlı sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Daha sonra iclasda “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanun layihəsi müzakirə edildi. Bu sənədin də parlamentin növbəti iclasına çıxarılması barədə qərar verildi.
Milli Məclisin
Mətbuat xidməti