Sloveniya parlament nümayəndə heyəti ilə görüş

Tədbirlər
16 aprel 2025 | 17:34   

Aprelin 16-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Sloveniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Bojan Çebelanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan-Sloveniya əlaqələrinin inkişafından məmnunluğunu ifadə edən komitə sədri Səməd Seyidov, ikitərəfli gündəliyin müxtəlif aspektlərinə dair fikirlərini səsləndirib. Söhbətdə dövlətlərimiz və xalqlarımız arasında mövcud olan yaxın münasibətlər yüksək qiymətləndirilib, ikitərəfli əlaqələrin inkişafında hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qruplarının mühüm rolu xüsusi vurğulanıb.

Göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkür edən Sloveniya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Bojan Çebela, ölkələrimizi birləşdirən ortaq tarix və ümumi dəyərlərdən bəhs edib, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi və beynəlxalq səviyyədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Söhbət zamanı  dünyada və regionda baş verən proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb, qlobal çağırışlar fonunda formalaşmaqda olan yeni dünya düzəni ilə bağlı fikirlər səsləndirilib. Bu kontekstdə regional sabitliyin və davamlı sülhün təmin edilməsinin vacibliyi xüsusi vurğulanıb. Qonaqlara bildirilib ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsindən və ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra rəsmi Bakı sülh gündəliyinə sadiqliyini nümayiş etdirərək, sülh müqaviləsinin təşəbbüskarı qismində çıxış edib. Eyni zamanda diqqətə çatdırılıb ki, bu proses çərçivəsində bəzi dairələr sülhə mane olmaq cəhdləri göstərir, ölkəmizə qarşı qərəzli ittihamlar irəli sürür, ikili standartlara əsaslanan yanaşmalar nümayiş etdirərək, dezinformasiya kampaniyaları aparırlar. Bütün bunlara baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqliyini qoruyur və irəli sürdüyü əsas şərtlər əsasında sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bir daha bəyan edir.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU