Əmək və sosial siyasət komitəsinin onlayn iclasında

Komitə iclasları
16 aprel 2025 | 16:41   

 

Aprelin 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. İclası açan komitə sədri Musa Quliyev gündəlikdə iki məsələnin müzakirəyə çıxarıldığını bildirib.

 Komitə sədri ilk növbədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsi (ikinci oxunuş) haqqında məlumat verib. Bildirib ki, qanun layihəsindəki əsas dəyişiklik pensiya təminatının maliyyələşdirilməsi mexanizminin daha da dəqiqləşdirilməsini nəzərdə tutur. Belə ki, uşaqlara görə güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərin, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy insanların, həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi olan şəxslərə və 70 yaşdan yuxarı ahıllara qulluq edən şəxslərin əmək pensiyalarına dair güzəştlərin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçiriləcək.

Daha sonra  gündəliyin ikinci məsələsi – “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (üçüncü oxunuş) müzakirə olunub. Musa Quliyev qeyd edib ki, bu dəyişiklik vətəndaşların sosial xidmətə çıxış imkanlarını genişləndirməyə hüquqi zəmin yaradır. Layihə sosial xidmətə ehtiyac duyan şəxslərə bu xidmətlərə əlçatanlığını yaxşılaşdırmağa yönəlib.

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda komitənin sədr müavini Elşad Musayev, üzvləri Bədəl Bədəlov, Əziz Ələkbərov, Sevinc Hüseynova, Göydəniz Qəhrəmanov, Vüqar Bayramov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU