Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib

Komitə iclasları
07 aprel 2025 | 16:29   

 

 

Aprelin 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. İclası açan komitə sədri Əli Hüseynli bildirib ki, gündəliyə cənab Prezident tərəfindən təqdim olunmuş Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyin olunması ilə bağlı 5 məsələ daxil edilib.

   Daha sonra iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov son dövrlərdə Şura tərəfindən görülən işlər və ümumillikdə, məhkəmə sistemində həyata keçirilən   islahatlar barədə məlumat verib. O qeyd edib ki,  bütün bu islahatlar beynəlxalq təcrübə, normalar, prinsiplər öyrənilməklə tətbiq olunur. Hakimlərin qəbulu, qiymətləndirilməsi,irəli çəkilməsi, elektron məhkəmə sisteminin inkişafı və vətəndaş müraciətlərinə baxılması kimi sahələrdə kompleks tədbirlər həyata keçirilir. Bildirilib ki, hakimlərin irəli çəkilməsi məqsədilə Məhkəmə-Hüquq Şurasının nəzdində Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılıb.

  Komitənin üzvü Nizami Səfərov  bildirib ki, namizədlikləri irəli sürülmüş hakimlərin peşəkarlığı və  iş təcrübəsi nəzərə alınaraq, ümumilikdə 16 hakimlə bağlı məsələlər müzakirəyə təqdim olunub. Onlardan 1 nəfərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, 3 nəfərin Bakı Apellyasiya Məhkəməsinə, 2 nəfərin Sumqayıt Apellyasiya Məhkəməsinə, 2 nəfərin Şəki Apellyasiya Məhkəməsinə, 4 nəfərin Şirvan Apellyasiya Məhkəməsinə təyinatı nəzərdə tutulub. Həmçinin  apellyasiya instansiyası məhkəmələrinin 4 hakiminin iş yerlərinin dəyişdirilməsi ilə əlaqədar vəzifədən azad olunması da gündəmdədir.

İclasda deputatlar Kamal Cəfərov və Bəhruz Məhərrəmov ölkədə məhkəmə-hüquq sisteminin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər, öz təklif və qeydlərini səsləndiriblər.

Sonra komitə sədri Əli Hüseynli bildirib ki, məhkəmə hakimiyyətində ədalət prinsipləri əsasında gəncləşdirmə prosesi aparılır, təcrübə mübadiləsi həyata keçirilir. O, son dövrlərdə qadın hakimlərin sayının artmasına da xüsusi diqqət çəkib.

Müzakirələrin sonunda gündəlikdəki 5 məsələnin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda komitənin sədr müavini Elşən Musayev, üzvləri Sabir Hacıyev, Mübariz Qurbanlı, Erkin Qədirli, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.

                                                                                    Milli Məclisin Mətbuat

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU