Milli Məclisin sədri Sahibə Qafarova İsrail Knessetinin sədri Amir Ohana ilə görüşüb

Sədrin səfərləri
06 aprel 2025 | 14:25   

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Daşkənd şəhərində İsrail Knessetinin sədri Amir Ohana ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluq ifadə edilib. Xüsusilə iqtisadi-ticari, enerji sahəsində geniş əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolu xüsusilə qeyd olunub.

Söhbət zamanı qanunverici orqanlar arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına töhfələri barədə də fikirlər səsləndirilib. Qarşılıqlı səfərlərin, aparılan səmərəli dialoqun əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyi bildirilib.

Milli Məclisin spikeri Sahibə Qafarova görüşdə ölkəmizdə mövcud olan və möhkəm əsaslara malik tolerantlıq və multikulturalizm ənənələri haqqında məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələri də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşayır. Azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətləri mövcuddur.
Həmçinin, İsraildəki Azərbaycan diasporunun, İsraildə yaşayan yəhudi əsilli soydaşlarımızın da ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verdikləri diqqətə çatdırılıb.

İsrail Knessetinin sədri sülh, birgə yaşayış dəyərlərini qoruyub inkişaf etdirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, İsrail ilə Azərbaycan arasında mövcud əlaqələrdən məmnunluğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU