Milli Məclisin sədri Sahibə Qafarova Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin sədri Çunq Eui-yong ilə görüşüb

Sədrin səfərləri
05 aprel 2025 | 15:50   

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 5-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin sədri Çunq Eui-yong ilə görüşüb.

Görüşdə İCAPP-ın Asiya regionunda sülh, təhlükəsizlik və əməkdaşlığı təşviq edən mühüm bir platforma kimi çıxış etdiyi qeyd olunaraq, bu kimi görüşlərin çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün fürsət olduğu bildirilib, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb.

Milli Məclisin sədri Sahibə Qafarova qarşı tərəfə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi haqqında geniş məlumat verib. Spiker təşkilatın təsis konfransının keçirilməsindən ötən müddət ərzində Şəbəkənin institusional inkişafı istiqamətində Azərbaycanın atdığı addımları daimi Komitənin sədrinin diqqətinə çatdırıb. Vurğulanıb ki, Parlament Şəbəkəsi hazırda beynəlxalq əməkdaşlıq baxımından mühüm bir platformaya çevrilməkdədir.

Söhbət zamanı Parlament Şəbəkəsi ilə İCAAP arasında əməkdaşlıq əlaqələri məmnunluqla qeyd edilərək, bildirilib ki, tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Hazırda İCAAP Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində müşahidəçi statusunda təmsil olunur.

Çunq Eui-yong Azərbaycanın liderliyi ilə Parlament Şəbəkəsinin inkişaf etdiyini qeyd edib. O, ölkəmizə səfərlərini məmnunluqla xatırlayaraq, ölkəmiz və paytaxt Bakı haqqında xoş təəssüratlarını bölüşüb.

Söhbət zamanı Azərbaycanın hakim partiyası Yeni Azərbaycan Partiyasının İCAAP-da çox fəal təmsil olunduğu da diqqətə çatdırılıb. Sahibə Qafarova YAP-ın İCAAP çərçivəsində fəaliyyətə böyük əhəmiyyət verdiyini və onun fəaliyyətinə hər zaman dəstək olduğunu qeyd edib. Bu təşkilatın təmsilçiləri ölkəmizdə keçirilən seçkiləri müşahidəçi qismində izləyiblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU