Milli Məclisdə Venesuela parlamentariləri ilə görüş

Tədbirlər
03 aprel 2025 | 16:07   

 

   Aprelin 3-də Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tamam Cəfərova və Venesuela Bolivar Respublikası Milli Asambleyasının sədr müavini, Venesuela – Azərbaycan Dostluq qrupunun rəhbəri Amerika Perez görüşüb.

Qonağı  salamlayan Tamam Cəfərova, yaxın zamanda Azərbaycan və Venesuela arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağını və bu əlamətdar ildönümünün iki ölkə arasındakı dostluq və əməkdaşlıqdan xəbər verdiyini bildirib.

O, dövlətlərimiz arasında beynəlxalq platformalarda mövcud olan qarşılıqlı dəstəkdən bəhs edərək, xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində Venesuelanın Azərbaycana göstərdiyi etimadı xatırladıb. Tamam Cəfərova həmçinin siyasi, turizm və humanitar sahələrdə ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. Parlamentlərarası əməkdaşlığın xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və ortaq layihələrin həyata keçirilməsinə təkan verdiyini vurğulayıb.

Öz növbəsində,  Amerika Perez Venesuela Bolivar Respublikasının Milli Assambleyası adından göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, dövlət başçılarımız arasındakı dostluq münasibətlərindən söz açaraq, bu əlaqələrin müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsi üçün mühüm zəmin yaratdığını söyləyib. Amerika Perez Venesuelanın təhsil və iqtisadi sahələrdə Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib və gələcəkdə bu istiqamətdə konkret addımlar atılacağını vurğulayıb.

Söhbətdə Azərbaycan-Venesuela parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ülviyyə Həmzəyeva, Aydın Hüseynov, Zaur Şükürov , Naqif Həmzəyev  və venesuelalı parlamentari Orlando Komaço dövlətlərimiz arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU