SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

İyunun 13-də Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi.
Komitənin sədri Hadi Rəcəbli deputatların müzakirəsinə təqdim olunan “Sosial sığorta haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənəd haqqında ətraflı məlumat verdi. Bildirildi ki, layihədə edilən dəyişikliklər sosial sifariş əsasında həyata keçirilib, habelə artıq iki ildən artıqdır ki, cəmiyyətdə və aidiyyəti qurumlarda müzakirə olunur.
Parlament Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Eldar Əsgərov qeyd etdi ki, xüsusi notariusların fəaliyyəti nəticəsində əldə edilmiş vəsaitlə müqayisədə xərclər xeyli yüksəkdir. Bu isə xüsusi qaydada notarial xidmətin təşkilində çətinliklər yaradır. Xüsusi notariusun normal iş ahənginin təmin edilməsi üçün zəruri olan xərclərin ödənilməsinə imkan vermir. Buna görə də məcburi dövlət sosial sığorta haqqı xüsusi notariuslar və vəkillər kollegiyasının üzvləri üçün gəlirlərin 20 faizi miqdarında müəyyənləşdirilir. Bu konkret olaraq Bakı şəhərində fəaliyyət göstərənlər üçün 290 manat, digər şəhər və rayonlar üçün isə 174 manat nəzərdə tutulur.
İclasda iştirak edən Ədliyyə Nazirliyinin və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri sənəddəki dəyişikliklərin tam və dürüst arqumentləşdiyini, sosial ədalət prinsiplərinə əsaslandığını, lakin bəzi xırda düzəlişlərin zəruri olduğunu qeyd etdilər.
Müzakirələrdən sonra sənəd konseptual baxımdan təkmilləşdirilməsi üçün yenidən işçi qrupuna qaytarıldı.
Milli Məclisin
Mətbuat xidməti