MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Mayın 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları və Sosial siyasət komitələrinin birgə iclası keçirildi. İclası açan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki məsələlərlə deputatları tanış etdi.
Yeni hazırlanan “İctimai iştirakçılıq haqqında” qanun layihəsini təqdim edən millət vəkili Azay Quliyev bildirdi ki, sənədin parlamentdə birinci oxunuşda müzakirəsi zamanı verilən təkliflərin əksəriyyəti nəzərə alınıb. Qeyd olundu ki, qanun vətəndaşların dövlətin idarə olunmasında iştirak hüququnun ictimai iştirakçılıq formasında həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyəcək.
İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sənədin əhəmiyyətindən danışaraq bunun demokratik cəmiyyətin vacib məsələlərindən biri olduğunu vurğuladılar. Bildirildi ki, bu qanun vətəndaşların cəmiyyətdə, dövlət əhəmiyyətli tədbirlərin həyata keçirilməsində fəal iştirakına hüquqi təminat yaradacaq.
Çıxış edən millət vəkilləri layihənin təkmil olduğunu söyləyərək Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılmasını məqbul saydılar.
Sonra yeni hazırlanan Miqrasiya Məcəlləsi layihəsi müzakirə olundu. Əli Hüseynli layihənin birinci oxunuşda müzakirəsi zamanı millət vəkillərinin və əlaqədar qurumların verdiyi təkliflərin nəzərə alındığını qeyd etdi. Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin, vətəndaşlığı olmayanların Azərbaycanda hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirəcək.
Rəbiyyət Aslanova miqrasiya prosesinin dövlətin sosial siyasətinin həssas məsələlərindən olduğunu dedi. Bu gün dünyada 175 milyon miqrant var. Miqrantların sayının artması yeni miqrasiya siyasətinin həyata keçirilməsi zərurərini yaradıb. Bu səbəbdən də dünya dövlətləri miqrasiya siyasətində böyük dəyişikliklər edirlər. Bildirildi ki, Məcəllə layihəsində miqrasiya uçotunun aparılması, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getmə qaydası, vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəyə gəlişi ilə bağlı qaydalar, məhdudiyyətlər və digər məsələlər tam nəzərə alınıb.
Müzakirələrdən sonra deputatlar yekdilliklə qanun layihəsinə Milli Məclisin plenar iclasında baxılmasını qərara aldılar.
Milli Məclisin
Mətbuat xidməti