Milli Məclisdə "Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar" mövzusunda ictimai dinləmə keçirilib

Tədbirlər
11 mart 2024 | 17:39   
Paylaşın:        

Martın 11-də Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi "Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar" mövzusunda ictimai dinləmə keçirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  tədbiri giriş nitqi ilə açaraq iştirakçıları salamlayıb və bu dinləmənin keçirilməsi üçün göstərilən dəstəyə və yaradılan şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib.

Azərbaycanda nəqliyyat sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin nəzarəti altında həyata keçirilən genişmiqyaslı layihələrdən söz açan komitə sədri son iyirmi ildə respublikada 21 min km. uzunluğunda avtomobil yolunun çəkildiyini və bərpa edildiyini bildirib. Nəqliyyat infrastrukturunun yenilənməsi və yeni texniki keyfiyyətlərin tətbiqi baxımından böyük uğurların əldə edildiyini vurğulayan komitə sədri yolların keyfiyyətinə görə Azərbaycanın dünyanın 141 ölkəsi arasında 27-ci, postsovet ölkələri arasında isə birinci olduğunu diqqətə çatdırıb. Eyni zamanda qeyd olunub ki, Bakının böyüməsi  və yerüstü nəqliyyat sayının sürətlə artması yolların və nəqliyyatın idarə olunmasında müəyyən problemlər yaradıb. Avtomobilləşmənin gətirdiyi çətinliklərə toxunan komitə sədri məsələnin həlli yollarından, bununla bağlı dünya təcrübəsindən danışıb, problemin iqtisadi və inzibati metodlarla aradan qaldırılması haqqında fikirlərini bölüşüb.

Sonra rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mövzu üzrə məruzə ilə çıxış edib. Nazir müavini ölkəmizdə aparılan sosial, iqtisadi islahatların nəqliyyat sistemindən də yan keçmədiyini bildirib, O, nəqliyyat infrastrukturunun, ictimai nəqliyyatın inkişaf etdirilməsinin daim diqqətdə saxlanıldığını bildirib. Nazir müavini nəqliyyat infrastrukturu, mikromobillik, yollarda hərəkətin təmini və digər bu kimi istiqamətlərdə problemlərin həlli üçün görülən müvafiq işlərdən, gələcək planlardan danışıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev yerüstü nəqliyyat xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması ilə bağlı slaydlarla müşayiət olunan təqdimatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. AYNA-nın sədri nəqliyyat infrastrukturu üzrə problemlərin diaqnostikasının aparıldığını, artıq keçən ildən onların həlli üçün müvafiq addımlar atılmağa başlandığını deyib. Agentliyin sədri ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılması, yol hərəkətinin sürətinin, sürücülərin və piyadaların mobilliyinin artırılması, həmçinin təhlükəsizliyinin gücləndirilməsi işləri, qarşıya qoyulan hədəflər, nəzərdə tutulan  tədbirlər barədə məlumat verib.

Dinləmədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, deputatlar Fəzail Ağamalı, Vüqar Bayramov, Elşən Musayev, Ziyad Səmədzadə, Naqif Həmzəyev, Elnur Allahverdiyev, Nigar Arpadarai, Aydın Hüseynov, Emin Hacıyev, İltizam Yusifov, Məzahir Əfəndiyev, Vahid Əhmədov və  Müşfiq Cəfərov, nəqliyyat sahəsi üzrə ekspertlər Ərşad Hüseynov və Elməddin Muradlı, BCG (Boston Consulting Group) şirkətinin nümayəndəsi Qriqoriy Rubin çıxış edərək mövzu ilə bağlı  fikirlərini bölüşüblər, suallarını və təkliflərini səsləndiriblər.

Yekunda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov dinləmədə qaldırılan məsələlərə münasibətini bildirib, səsləndirilən suallara aydınlıq gətirib.

Dinləmədə deputatlar Mahir Abbaszadə, Anar Məmmədov, İqbal Məmmədov və  Məşhur Məmmədov, müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digər aidiyyəti şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU