İraq Parlamentinin müşahidə missiyasının üzvləri Milli Məclisdə

Tədbirlər
09 fevral 2024 | 16:54   
Paylaşın:        

Fevralın 9-da Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan İraq Respublikası Parlamentinin müşahidə missiyasının üzvləri ilə görüşüb.

Qonaqları salamlayan vitse-spiker Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçi qismində iştirakına görə İraq Respublikası Parlamentinin müşahidə missiyasının üzvlərinə təşəkkür edib, bu seçkilərin tarixi və siyasi əhəmiyyətindən söz açıb, xalqın seçkilərdə mütəşəkkil iştirakını və yekdilliklə səs verməsini ölkəmizdə bərqərar olmuş xalq-dövlət birliyinin təzahürü kimi dəyərləndirib.

Fəzail İbrahimli Azərbaycan və İraq xalqlarını bir-birinə bağlayan dəyərlərdən söz açıb, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından danışıb. O, qonaqlara Azərbaycanın qazandığı uğurlar, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, bu səbəbdən də bəzi siyasi dairələrin təzyiqinə məruz qalması barədə fikirlərini bölüşüb.

Görüşdə İraq Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Cabbar Əl-Çnani onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, seçkilərin uğurlu keçirilməsinə görə təbriklərini çatdırıb, seçki prosesinin beynəlxalq standartlara uyğun təşkil olunduğunu bildirib. O, Azərbaycan və İraq arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasını qeyd edib, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, müntəzəm təmasların, o cümlədən parlamentlərarası əlaqələrin intensivliyinin rolunu vurğulayıb.

Görüşdə Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov, deputatlar Cavanşir Paşazadə və Əminə Ağazadə, İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Maki Ressan Əl-Mamori Azərbaycanda prezident seçkilərinin beynəlxalq normalara uyğun və yüksək səviyyədə keçirildiyini vurğulayıblar, Azərbaycan və İraq arasında münasibətlər, parlamentlərarası əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüblər.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU