PARLAMENT GÖRÜŞLƏRİ

Tədbirlər
08 fevral 2024 | 19:32   
Paylaşın:        

Fevralın 8-də Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Braziliya  parlamentinin senatorları Nelson Trad Filxo və Karlos Viana ilə görüşüb.

Fəzail İbrahimli qonaqları salamlayaraq bu tarixi günlərdə onların Azərbaycana səfər etmələrindən məmnunluğunu bildirib. O, qonaqlara ölkəmizin qazandığı uğurlar, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, fevralın 7-də Azərbaycanda keçirilmiş şəffaf və demokratik prezident seçkiləri, ölkəmizdə bərqərar olmuş xalq-dövlət birliyi barədə məlumat verib. Söhbət zamanı Fəzail İbrahimli Azərbaycan və Braziliya arasında münasibətlər, parlamentlərarası əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüb.  

Görüşdə Braziliya  parlamentinin senatoru Nelson Trad Filxo ölkəmizdə onlara göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq fevralın 7-də keçirilmiş seçki prosesini müşahidə zamanı vətəndaşların göstərdikləri fəallıq, onların seçkiyə göstərdikləri diqqət, prosesin yüksək səviyyədə təşkil olunması barədə fikirlərini bölüşüb, seçkilərin uğurlu keçirilməsinə görə təbriklərini çatdırıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, təhsil və digər sahələrdə əməkdaşlıq barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Məmmədli, qrupun üzvü Vüqar Bayramov, deputat Anatoliy Rafailov və digər rəsmi şəxslər iştirak ediblər.

 

*****

Fevralın 8-də Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev  növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Serbiya Respublikası Parlamentinin sədr müavini Sandra Boziçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Azay Quliyev Azərbaycanın Serbiya ilə əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu bildirib, həmçinin prezident seçkilərini müşahidə etmək üçün dəvəti qəbul etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib. Söhbət zamanı Azay Quliyev beynəlxalq təşkilatlarda əməkdaşlığın əhəmiyyəti və parlament diplomatiyasının vacibliyi barədə fikirlərini bölüşüb.

Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrdən bəhs edən xanım Boziç Azərbaycanda seçkilərin demokratik prinsiplərə və qanuna uyğun şəkildə keçirilməsini görməkdən çox məmnun olduğunu, Xankəndində və Şuşada prosesi izlədiklərini qeyd edib.

Görüşdə iştirak edən Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı, deputat Nurlan Həsənov ölkələrimiz arasında əməkdaşlığın gələcək perspektivləri barədə danışıblar.

Görüşdə Sebiyanın Azərbaycandakı səfiri Draqan Vladislavyeviç, Serbiya parlamentinin deputatı Dusan Mariç, Millimir Vujadinoviç və digər rəsmi şəxslər iştirak ediblər.

 

*****

Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Jalə Əliyeva növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Meksika-Azərbaycan  parlamentlərarası  dostluq qrupunun rəhbəri Alberto Villa Villeqas ilə görüşüb.

Görüşdə seçkilərin demokratik, azad, ədalətli və şəffaf keçirilməsi, vətəndaşların öz iradələrini sərbəst şəkildə ifadə etmələri üçün ölkəmizdə yaradılmış şərait yüksək qiymətləndirilib. Söhbət zamanı bu seçkilərin Müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkəmizin bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirilməsi, onun ölkəmizin gələcək inkişafının təmin edilməsi baxımından əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü İltizam Yusifov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU