Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir

Tədbirlər
29 yanvar 2024 | 18:20   
Paylaşın:        

Yanvarın 29-da Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi  üzvlərinin Türkiyə Böyük Millət Məclisinin(TBMM) Milli Müdafiə  Komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Komitə sədri Səməd Seyidov Türkiyə parlament nümayəndə heyətini salamlayaraq, onları Azərbaycan parlamentində görməkdən məmnunluğunu ifadə edib. O, “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyib, qardaş ölkələr arasında bütün istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndiyini və artıq yeni səviyyəyə yüksəldiyini bildirib. Səməd Seyidov Hulusi Akarın Türkiyənin milli müdafiə naziri olduğu dövrdə gördüyü işlərin yüksək qiymətləndirildiyini qeyd edib, ona TBMM-in Milli Müdafiə  Komissiyasının sədri kimi  fəaliyyətində  uğurlar diləyib.

Komitə sədri Qarabağ məsələsində, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyin önəmindən bəhs edib, Azərbaycan  Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsinin mühüm tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Azərbaycanın regionda sülh və əmin-amanlığın tərəfdarı olduğunu, lakin buna maneçilik törədildiyini və bu maneələrə qarşı lazımi addımların atıldığını söyləyib.

Səməd Seyidov Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu, hazırda ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, Türk dünyası çərçivəsində münasibətlərin genişləndirildiyini bildirib. O, bugünlərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin qurumun iclasında bəyanatla çıxış etdiyini diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad, suverenliyini bərpa etdikdən sonra bəzi Avropa dövlətləri ölkəmizə qarşı qərəzli münasibət göstərir. Bununla əlaqədar Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını dayandırmaq qərarına gəlib. Səməd Seyidov Azərbaycana verdiyi dəstəyə görə AŞPA-dakı Türkiyə nümayəndə heyətinə təşəkkürünü ifadə edib.

Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə  Komissiyasının sədri Hulusi Akar  qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkür edərək, ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkişafdan məmnunluğunu bildirib. Qonaq səfər zamanı keçirdiyi görüşlərdən, aparılan danışıqlardan razılıqla söhbət açıb.  O, iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişaf etdiyini söyləyib. Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Hulusi Akar parlamentlərarası əlaqələrin əhəmiyyətindən, deputatlarımızın ikitərəfli, o cümlədən komitələr arasında, habelə beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığından bəhs edib. O, Türk Dövlətləri Parlament Assambleyasında əlaqələrin genişləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Qonaq Azərbaycan ərazilərinin 30 il ərzində işğalı dövründə Türkiyə dövlətinin və xalqının  narahatçılıq keçirdiyini və 44 günlük Vətən müharibəsində ölkəmizin Qələbəsindən qürur duyduqlarını söyləyib. O, Azərbaycan və Türkiyənin təhlükəsizliyinin təmin edilməsinin,  ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlığın vacibliyini qeyd edib.

Hulusi Akar Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində xalqımıza uğurlar diləyib və deyib ki, Qarabağ Fatehi, ölkə Prezidenti İlham Əliyevin yenidən dövlət başçısı seçiləcəyinə inanırıq.

 Görüşdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Sabir Rüstəmxanlı, Sevinc Fətəliyeva, Cavanşir Feyziyev, Nəsib Məhəməliyev, Sahib Alıyev, Asim Mollazadə, Ramil Həsən, Rasim Musabəyov, Nigar Arpadarai, Sevil Mikayılova çıxış edərək əlaqələrimizin tarixi və bugünü, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi haqqında fikirlərini açıqlayıblar.

Görüşdə Türkiyə Böyük Millət Məclisinin deputatları Refik Özen, Mehmeb Ali Çeleb, Feyzi Berdibek, Özgür Ceylan, Metin İlhan, Zuhal Dora, Dursun Ataş, Didem Hastürk, Volkan Durmaz, Gencehan Babiş,  Muhammed Akkiraz, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU