Milli Məclisin sədri Sahibə Qafarova Bişkek şəhərində keçirilən MDB PA-nın 56-cı plenar iclasında çıxış edib

Sədrin səfərləri
17 noyabr 2023 | 18:01   
Paylaşın:        

Noyabrın 17-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyasının 56-cı plenar iclası keçirilib. İclasda Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

Son iclasından ötən müddət ərzində Assambleyanın parlamentlərarası əməkdaşlığın bütün istiqamətləri üzrə məhsuldar fəaliyyətini davam etdirdiyini deyən Milli Məclisin sədri qeyd edib ki, Müstəqil Dövlətlər Birliyinin mühüm təsisatlarından biri olan Parlamentlərarası Assambleya ikitərəfli və çoxtərəfli parlamentlərarası əməkdaşlığın inkişafına töhfə verir.

Spiker Sahibə Qafarova çıxışında Ermənistan tərəfinin yalanlarını ifşa edib. Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra Ermənistanla beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Lakin Qarabağı sözdə Azərbaycan ərazisi kimi tanıyan Ermənistan təəssüf ki, bu üç il ərzində siyasi və hərbi təxribatlarla məşğul olub. Ermənistan nəinki Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, öz silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmayıb, həm də oraya silah, sursat və hərbi qulluqçuların daşınmasını davam etdirib.

Sahibə Qafarova qeyd edib ki, işğal dövründə basdırdığı və sayı milyondan çox olan minalarla yanaşı, Ermənistan işğaldan azad edilmiş əraziləri də minalamaqda davam edib. Bu il sentyabrın 2-də Ermənistanın baş naziri Azərbaycanın qanuni ərazilərində Ermənistanın yaratdığı və fəal şəkildə dəstəklədiyi separatçı rejimi qondarma “müstəqillik” günü münasibətilə təbrik edib. Sentyabrın 9-da isə bu qeyri-qanuni qurum qondarma “prezident seçkiləri” keçirib. Bu addımları Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş təxribatçı addımlar kimi qiymətləndirən Milli Məclisin sədri vurğulayıb ki, 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş torpaqlarımıza qəsdən yerləşdirdiyi minaların partlaması nəticəsində 6 mülki şəxs və polis əməkdaşı həlak olub. Ümumiyyətlə isə, müharibədən sonrakı dövrdə mina partlayışları nəticəsində 340-a yaxın insan həlak olub və ya yaralanıb.

Çıxışında bu ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri barədə də məlumat verən Milli Məclisin sədri vurğulayıb ki, bu tədbirlər Azərbaycanın öz Konstitusiya quruluşunu bərpa etmək və qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək məqsədi daşımışdır. 23 saat ərzində həyata keçirilən antiterror tədbirləri nəticəsində Ermənistanın Qarabağdakı ordusu tam tərksilah edilib, Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimə son qoyaraq, beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində suverenliyini tam bərpa edib.

Spiker Sahibə Qafarova xüsusilə vurğulayıb ki, antiterror tədbirləri zamanı Azərbaycan beynəlxalq humanitar hüquqa tam uyğun hərəkət edib. Belə ki, bu tədbirlər zamanı mülki əhaliyə və mülki infrastruktura heç bir ziyan dəyməyib. Eləcə də heç bir qondarma “etnik təmizləmə”, ermənilərin Qarabağdan məcburi köçürülməsi ilə bağlı bir fakt belə qeydə alınmayıb. Bunu bölgəyə iki dəfə səfər edən BMT missiyasının nümayəndələri də təsdiqləyiblər.

Bu aşkar faktlara baxmayaraq, Ermənistanın hələ də Azərbaycana qarşı yalan və əsassız ittihamlar əsasında beynəlxalq ictimaiyyəti aldatmaqda davam etdiyini söyləyən Sahibə Qafarova, Ermənistanın iddialarının yalan olduğunu bir daha bəyan edib.

Milli Məclisin sədri çıxışında, həmçinin diqqətə çatdırıb ki, bu gün Qarabağ bölgəsində erməni işğalından azad edilmiş ərazilərdə Azərbaycan fəal şəkildə genişmiqyaslı bərpa və quruculuq işlərini davam etdirir. “Böyük qayıdış” proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər artıq Laçın və Füzuli şəhərlərinə, eləcə də bir sıra kəndlərə qayıdıblar. 2026-cı ilin sonuna kimi 140 mindən çox insanın Qarabağa və Şərqi Zəngəzura qaytarılması planlaşdırılır. O, deyib ki, hazırda regionda sülh gündəliyi üçün yaxşı imkanlar var. Spiker, Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə ölkəmizin Ermənistanla münasibətlərin normallaşmasını və sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini ifadə etdiyini xatırladıb.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova həmçinin, Assambleya çərçivəsində görülən işlərin ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da genişlənməsində özünəməxsus rol oynadığını bildirərək deyib ki, bu baxımdan əməkdaşlığın humanitar aspekti xüsusi əhəmiyyət kəsb edir. Bu da MDB-yə üzv dövlətlər arasında qarşılıqlı anlaşmanın və mehriban qonşuluğun möhkəmlənməsinə töhfə verir. Bu prosesdə fəal iştirak edən Azərbaycan birgə fəaliyyətə böyük önəm verir.

2023-cü ilin Azərbaycanda Heydər Əliyev ili elan edildiyini xatırladan Sahibə Qafarova parlament nümayəndə heyətlərinin Milli Məclisin Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında fəal iştirak edən, eləcə də bu ölkələrdə bu münasibətlə çoxsaylı yüksək səviyyəli tədbirlərin təşkilinə görə minnətdarlığını bildirib.

Sahibə Qafarova həmçinin, 2023-cü ildə Azərbaycanda keçirilən və "Rus dili ili"nə həsr olunan tədbirlər barədə də məlumat verib.

Spiker xatırladıb ki, 2025-ci ildə üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. O, bu Oyunların MDB məkanında gələcək əməkdaşlığın və uğurlu qarşılıqlı fəaliyyətin inkişafına növbəti töhfə olacağını vurğulayıb.

Sahibə Qafarova çıxışında həmçinin, Özbəkistanda referendum və növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi münasibətilə təbriklərini də çatdırıb. Milli Məclisin sədri plenar iclasdakı çıxışında müzakirə olunan digər məsələlərə də münasibət bildirib.

Qeyd edək ki, plenar iclasda təşkilata üzv olan dövlətlərin parlament rəhbərləri, məruzəçilər müxtəlif mövzulara həsr olunmuş çıxışlar ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU