MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Aprelin 10-da Milli Məclisin Mədəniyyət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Nizami Cəfərov bildirdi ki, bugünkü iclasın gündəliyinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin təyin edilməsi məsələsi daxil edilib.
Komitə sədri qeyd etdi ki, “İctimai televiziya və radio yayımı haqqında” qanuna uyğun olaraq Şirkətin Yayım Şurasının 3 üzvünün bu ilin aprelin 17-də altı illik səlahiyyət müddəti başa çatır. İdman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən 8 yeni namizəd irəli sürülüb. Nizami Cəfərov qeyd etdi ki, namizədlər arasından adı çəkilən hər təşkilatdan bir nəfər olmaqla - 3 nəfər 6 il müddətinə Şuraya üzv seçilərək təsdiqlənəcək. Bildirildi ki, idman federasiyaları tərəfindən iki, dini konfessiyalardan iki, yaradıcılıq təşkilatlarından isə 4 nəfərin namizədliyi irəli sürülüb.
İclasda işrirak edən Milli Televiziya və Radio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmov bildirdi ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı mart ayında müsabiqə elan olunub. Bu məsələ ilə əlaqədar keçirilən iclaslarda hər bir təşkilat namizədlərini seçərək təqdim edib. O, namizədlərin hər birinin cəmiyyətdə kifayət qədər tanındıqlarını, öz sahələrində peşəkarlıqları ilə seçildiklərini, hər birinin ayrı-ayrılıqda bu işi layiqincə yerinə yetirə biləcəyini diqqətə çatdırdı.
Çıxış edən millət vəkilləri Jalə Əliyeva, Sahibə Qafarova, Leyla Abdullayeva da irəli sürülən namizədlərin hər birinin cəmiyyətdə kifayət qədər tanındıqlarınıı dedilər, onları dəstəklədiklərini bildirdilər. Namizədlikləri irəli sürülən – Yusif Babanlı, Ziyadxan Əliyev, Rafiq Səməndər, Fuad Nurullayev, Robert Mobili, Zemfira Qafarova Şuraya üzv seçiləcəkləri təqdirdə fəaliyyətlərinin əsas prinsiplərini açıqladılar.
Müzakirələrdən sonra namizədlərin təsdiqlənməsi məsələsi parlamentin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti