Milli Məclisin sədri Sahibə Qafarova Kuba Respublikası Xalq Hakimiyyəti Milli Assambleyasının sədri ilə görüşüb

Sədrin səfərləri
17 sentyabr 2023 | 00:20   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Kuba Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandeslə görüşüb.

Azərbaycan parlament rəhbərini səmimiyyətlə salamlayan Milli Assambleya sədri Kuba Respublikasında keçirilən G77+Çin Sammitində iştirakına görə Sahibə  Qafarovaya təşəkkür edib.

Qeyd edib ki, Azərbaycanla Kuba arasında dostluq münasibətləri mövcuddur. Bu il Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın Azərbaycana səfəri zamanı yüksək səviyyəli qonaqpərvərlik göstərilməsi bunun əyani sübutudur. Qeyd olunub ki, son illər Kubadan Azərbaycana rəsmi səfərlər artıb. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümü tamam olub. Coğrafi məsafəyə baxmayaraq, Azərbaycan və Kubanı ənənəvi dostluq münasibətləri birləşdirir. Ölkələrimiz arasında siyasi əlaqələr yaxşı səviyyədədir. Xalq Hakimiyyəti Milli Assambleyasının sədri Xuan Esteban Lazo Hernandes Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində Kubaya dəstəyinin ölkəsi tərəfindən çox yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

Bu il Azərbaycanda Heydər Əliyevin 100 illiyinin qeyd olunduğu vurğulanaraq, Kuba Respublikasının keçmiş rəhbəri Fidel Kastro ilə Ulu Öndər Heydər Əliyev arasındakı dostluq münasibətləri xatırlanıb. Görüşdə 1970-80-ci illərdə Azərbaycanda kubalı tələbələrin təhsil aldığı qeyd edilərək, bunun xalqlarımız arasında dostluq münasibətlərinin göstəricisi olduğu diqqətə çatdırılıb. Həmçinin, bildirilib ki, Azərbaycanın Kubada səfirliyinin açılması bu ölkədə məmnunluqla qarşılanıb və bunun münasibətlərin inkişafına təkan verəcəyi deyilib.

Bildirilib ki, Kuba hökuməti Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Bunun üçün böyük potensial mövcuddur. Səhiyyə, kənd təsərrüfatı və digər sahələrdə bu imkanların mövcudluğu qeyd edilib. Görüşdə vurğulanıb ki, Kuba parlamenti də bu məsələdə öz dəstəyini əsirgəməyəcək. Bu müstəvidə parlamentlərarası əlaqələri inkişaf etdirmək üçün lazımi addımların atılacağı, parlamentlərin dostluq qruplarının qarşılıqlı səfərləri, əlaqələrin genişləndirilməsi, komitələr arasında da münasibətlərin inkişafının mümkünlüyü vurğulanıb.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova Kubanın evsahibliyi etdiyi Sammitin əhəmiyyətini qeyd edib. O, deyib ki, G77 çoxtərəfli əməkdaşlıq və üzv dövlətlərin qarşılıqlı dəstəyi üçün mühüm platformadır. Və bu sammit ikitərəfli münasibətlərə dair məsələlərin müzakirəsi üçün yaxşı fürsətdir. O, inamını ifadə edib ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək.

Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan və Kuba beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında həmişə bir-birini dəstəkləyir. O cümlədən, Kubanın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində irəli sürdüyü təşəbbüsləri həmişə dəstəklədiyi qeyd edilib. Həmçinin, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də Azərbaycan-Kuba əməkdaşlığı qeyd edilərək, Şəbəkənin ötən il Bakıda keçirilən birinci konfransında Milli Assambleyanın vitse-prezidenti Ana Maria Moçadanın iştirak etdiyi bildirilib.

Milli Məclisin sədri, Kuba Respublikasının Prezidenti Migel Diaz Kanelin 2019-cu ildə, vitse-prezidenti Salvador Antonio Valdes Mesanın bu ilin mart ayında Azərbaycana səfərlərindən bəhs edərək, belə yüksək səviyyəli səfərlərin münasibətlərin inkişafına töhfə verdiyini bildirib, özünün Salvador Antonio Valdes Mesa ilə görüşünü məmnunluqla xatırlayıb.

Sahibə Qafarova ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərimizin də rol oynadığını qeyd edərək, əlavə edib ki, dostluq qruplarımızın təmaslarının artırılması, qarşılıqlı səfərlər və müntəzəm dialoq parlamentlərimiz arasında körpü rolunu oynaya bilərlər.

Milli Məclisin sədri Sahibə Qafarova qarşı tərəfə həmçinin regionda mövcud olan vəziyyət, Azərbaycanın sülh təşəbbüsləri, Ermənistanın hərbi-siyasi təxribatları barədə də geniş məlumat verib.

Xuan Esteban Lazo Hernandes isə regiondakı vəziyyətdən xəbərdar olduqlarını və regionda sülh və sabitliyinin bərpasının önəmini vurğulayıb.

Görüşdə daha sonra qeyd edilib ki, mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlıq da xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təmasların təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir. Milli Məclisin sədri xatırladıb ki, 2010-cu ildə Kubada Azərbaycan mədəniyyət günləri keçirilib. Bu müsbət təcrübə qarşılıqlı şəkildə davam etdirilə və müxtəlif birgə mədəni tədbirlər keçirilə bilər. Spiker Sahibə Qafarova deyib ki, ölkəmiz Azərbaycan Prezidentinin bu ilin iyul ayında imzaladığı müvafiq sərəncamla yaradılmış “Heydər Əliyev Beynəlxalq Təhsil Qrant Proqramı” vasitəsilə bu təqaüdləri İƏT, Qoşulmama Hərəkatı və İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) coğrafiyasından olan ölkələrə də şamil etməyi hədəfləyir. O, kubalı tələbələri də bu proqramda iştirak etməyə çağırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU