AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Martın 15-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. İclasda “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olundu.
Komitə sədri Eldar İbrahimov qanun layihəsi barədə ətraflı məlumat verərək bildirdi ki, bu sənəd heyvanların və heyvan mənşəli məhsulların dövriyyəsinin asanlaşdırılmasına, yoluxucu heyvan xəstəliklərinin və heyvan mənşəli təhlükəli məhsulların ölkəyə daxil olmasının qarşısının alınmasına, həmçinin baytarlıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edəcəkdir.
Parlamentin İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, Aqrar qanunvericilik sektorunun müdiri Şahmərdan Kərimov sənədin əhəmiyyəti barədə danışdı. Qeyd edildi ki, Azərbaycanda baytarlıq xidməti və bu sahəyə nəzarət dövlətin diqqət mərkəzindədir. 2013-cü il fevralın 8-də Bakı şəhərində imzalanan bu sənəd də baytarlığın inkişafında dəyərli rol oynayacaq. Layihəyə əsasən, heyvanların və heyvan mənşəli məhsulların idxalı, tranziti yalnız məcburi baytarlıq-sanitariya tələbləri yerinə yetirildikdən sonra həyata keçiriləcəkdir. İdxal edən ölkənin, eləcə də yükün dövlət ərazisindən tranzitlə keçəcəyi ölkənin səlahiyyətli orqanlarının razılığı da tələb olunacaq. Bunun üçün hər iki tərəfin səlahiyyətli orqanı yükləri Azərbaycan və Serbiyaya müşayiət edəcək beynəlxalq baytarlıq sertifikatının nümunələrini mübadilə etməli və hər hansı dəyişikliklər haqqında bir-birini xəbərdar etməlidirlər.
Müzakirələrdən sonra sənədin Milli Məclisin plenar sessiyasının gündəliyinə çıxarılması məqsəduyğun hesab edildi.
Milli Məclisin
Mətbuat xidməti